Kriminal
Məhkum yoldaşını qətlə yetirən şəxsə ittiham aktı elan edilib
Cəzaçəkmə müəssisəsində məhbus yoldaşını öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilənə ittiham aktını elan edib. Məlum olub ki, məhkum Nurullah Əkbərli ötən il noyabrın 10-da saxlanıldığı müəssisədə kəsici-deşici alət hazırlayaraq digər məhkum Xəqani Şükürovu şəxsi münasibətlər zəminində qəsdən öldürüb. İlkin iddialara görə, buna səbəb zərərçəkənin həmin şəxsi şantaj etməsi olub. Nurullah Əkbərli elan olunmuş ittihamda özünü təqsirli bilməyib. Növbəti proses iyunun 3-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin noyabrın 10 da, paytaxtın 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Müəssisədə cəza çəkən məhkum Nurullah Əkbərli şəxsi münasibətlər zəminində digər məhkum Xəqani Şükürovu özünün hazırladığı kəsici-deşici alətlə qətlə yetirib. Nurullah Əkbərli barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə yekun ittiham elan olunub. Elgün Həsənli
Mənbə
oxu.az
Oxşar Xəbərlər