Siyasət

"İtkin düşən Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməlidir" - Ermənistan beynəlxalq öhdəliklərə niyə əməl etmir?

02 May 2026, 19:24 1 baxış
"İtkin düşən Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməlidir" - Ermənistan beynəlxalq öhdəliklərə niyə əməl etmir?
"Azərbaycan tərəfindən sülh gündəliyinin müvəffəqiyyətlə həyata keçirilməsi, Cənubi Qafqazda sülhün və təhlükəsizlik rejiminin bərqərar olması istiqamətində uğurlu addımların atılması otuz ilə yaxın bir müddətdə davam etmiş və artıq tarixə qovuşan münaqişənin yaratdığı problemlərin aradan qaldırılmasını əhəmiyyətli dərəcədə aktuallaşdırır. Bu sırada keçid dövrü üçün ədalət mühakiməsinin həyata keçirilməsi, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, minalanmış ərazilərin təmizlənməsi xüsusi olaraq qeyd edilməlidir". Bu sözləri -a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov deyib.
O bildirib ki, Ermənistan beynəlxalq humanitar hüququn bünövrəsini təşkil edən 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyasını və onların 7 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunu ratifikasiya edib və bu beynəlxalq müqavilələrə əməl olunması Ermənistanın hüquqi öhdəliyidir: "Bu sırada uzun müddət həllini gözləyən məsələlərdən biri qeyd olunduğu kimi, itkin düşmüş şəxslərlə bağlı problemə aydınlıq gətirilməsidir. Ermənistanın ərazi iddialarından qaynaqlanan hərbi təcavüzü nəticəsində 3 983 Azərbaycan vətəndaşı itkin düşüb. Birinci Qarabağ müharibəsi zamanı 3 977 nəfər, 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı isə altı nəfər itkin düşüb. Bunlardan 3 209-u hərbçi, 774-ü isə mülki şəxsdir. İtkin düşənlərdən 3 698-i kişi, 285-i isə qadındır. Rəsmi məlumatlara görə, 688 itkin düşmüş şəxsə məxsus olduğu ehtimal edilən cəsədlərin qalıqları aşkar edilib. Təəssüf ki, qarşı tərəf beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə riayət etmir. Məsələnin əhəmiyyəti müxtəlif beynəlxalq qurumlar tərəfindən xüsusi olaraq vurğulanır. BMT Baş Assambleyasının 17 dekabr 2024-cü il tarixli qətnaməsində qeyd olunub ki, beynəlxalq silahlı münaqişələrlə əlaqədar itkin düşmüş şəxslərin, xüsusən də beynəlxalq humanitar və insan hüquqlarının pozuntusu qurbanlarının məsələsi həmin münaqişələrə son qoymaq, sülh və barışığı təşviq etmək səylərinə mənfi təsir göstərməyə davam edir. "Digər bir problem minalanmış ərazilərlə bağlıdır. Üzləşdiyimiz humanitar fəlakət miqyaslı təhdidin qarşısının alınması, minalarla çirklənmənin ətraf mühitə təsirinin azaldılması üçün ən səmərəli vasitələrdən biri də beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların dəstəyinin və maliyyə resurslarının səfərbər olunmasıdır. Bu fəaliyyətin əsas hədəfi vətəndaşlarımızın həyatlarının qorunması və ətraf mühitin sağlamlaşdırılmasıdır. Şübhəsiz ki, minalar və digər partlayıcı qurğular ilk növbədə mülki əhalinin təhlükəsizliyinə qarşı yönələn ən kəskin problemdir. İkinci Qarabağ müharibəsinin başa çatmasından bu günədək 261 mina partlayışı nəticəsində 423 şəxs zərər çəkib, onlardan 73-ü həlak olub, 350 nəfər ağır yaralanıb. Ümumilikdə isə işğal dövrünün statistikası göstərir ki, mina qurbanlarının sayı 3 435 nəfərdir. Ermənistan tərəfindən dürüst mina xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməməsi minatəmizləmə işlərini həddindən artıq çətinləşdirərək, Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına ciddi maneələr yaradır", - deputat vurğulayıb. Onun sözlərinə görə, müharibələr və müxtəlif silahlı münaqişələr bitdikdən sonra onların fəsadlarının və yaratdıqları təhlükələrin aradan qaldırılması ən mühüm vəzifələrdən biridir: "Ancaq çox təəssüf ki, Ermənistan bu əhəmiyyətli məsələdə, həmişə olduğu kimi, məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranış sərgiləyir. Nəzərə almaq lazımdır ki, minaların geniş miqyasda yayılmasının nəticəsi olan ciddi humanitar böhrana cavab olaraq 10 oktyabr 1980-ci ildə BMT çərçivəsində "Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçməyən hesab edilə bilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında" Konvensiya (1, 2 və 3 saylı Protokollar daxil olmaqla) və 1997-ci il 18 sentyabr tarixində Kanadanın paytaxtı Ottava şəhərində "Piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında" Konvensiya qəbul olunub. Birinci Konvensiya 2 dekabr 1983-cü ildə qüvvəyə minib və onun 125 iştirakçısı var, ikinci Konvensiya isə 1 mart 1999-cu ildə hüquqi qüvvəyə minib və hazırda bu beynəlxalq sənədin iştirakçı dövlətlərinin sayı 164-ə çatıb. Ermənistan bu Konvensiyaları imzalamayıb ratifikasiya etməsə də, hətta bu mühüm müqavilələrin iştirakçısı olmayan dövlətlər qeyd edilən hər iki konvensiyanın beynəlxalq hüquqa əsaslanmasını rəhbər tutaraq, onların müddəalarına mütləq formada riayət etməlidirlər. "Ümumiyyətlə, silahlı münaqişələr hüququnda minaların istifadəsinin məhdudlaşdırılması beynəlxalq adət hüququ norması statusunu əldə edən bir neçə mühüm prinsipdən irəli gəlir. Birincisi, fərqləndirmə prinsipidir. Yaxşı məlumdur ki, beynəlxalq humanitar hüququn təməlində mülki şəxslərlə kombatantların (münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan şəxsi heyət) fərqləndirilməsi durur. 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına "Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair" 1 saylı Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməzlər. Həmin Protokolun 85-ci maddəsinin 3-cü hissəsinin "a" bəndi "mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini" beynəlxalq humanitar hüququn ciddi pozuntusu və müharibə cinayəti kimi qiymətləndirir. Məsələ burasındadır ki, minalardan istifadə müvəqqəti xarakter daşıyır və yalnız müharibə dövrü ilə məhdudlaşır. Müharibənin bitməsi mina təhlükəsinin aradan qaldırılmasını mütləq formada özündə ehtiva edir. Ermənistan Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına qoşulmasını nəzərə alaraq onlara ciddi riayət etməlidir. Mülki şəxslərlə kombatantların fərqləndirilməsi Ottava Konvensiyasında da öz əksini tapıb və həmin sənədin ayrılmaz tərkib hissəsi olan Preambulasına daxil edilib. Həmçinin 1980-ci il tarixli Konvensiyaya dair "Minalar, tələ-minalar və digər qurğuların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında" 2 saylı Protokolun 3-cü maddəsinin 2-ci hissəsində də hədəf seçməyən, yəni mülki əhali ilə legitim hərbi hədəfləri fərqləndirməyən, mülki şəxslərin təsadüfi ölümlərinə və ya yaralanmalarına səbəb olan silahların tətbiqi qadağan edilir. İkinci mühüm humanitar prinsip mütənasiblikdir. Həmin prinsip Cenevrə Konvensiyalarına 1 saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin "b" bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyanın vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasib olmayan hücumlar qadağandır. Yuxarıda istinad edilən 1980-ci il tarixli Konvensiyaya əlavə 2 saylı Protokol və 1997-ci ildə qəbul olunmuş Ottava Konvensiyası bu prinsipə əsaslanırlar. Həmçinin nəzərə almaq lazımdır ki, 2 saylı Protokolun 10-cu maddəsinə əsasən, fəal hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra münaqişədə iştirak edən hər bir tərəf bütün mina sahələri, minalanmış zonalar, minalar, tələ-minalar və digər qurğular barədə məlumat verməyi öhdəsinə götürür", - müsahibimiz deyib. Millət vəkili bu kontekstdə sülh təşəbbüslərinə də toxunub: "Hal-hazırda regionumuzda Azərbaycanın irəli sürdüyü təşəbbüslər əsasında möhkəm sülhün təsis edilməsi prosesi gedir və belə bir şəraitda qarşı tərəf, öz növbəsində, keçmiş münaqişənin bütün fəsadlarının aradan qaldırılması istiqamətində dürüst addımlar atmalıdır".
Mənbə oxu.az