Siyasət

Prezidentin Zəngilandan verdiyi mühüm mesajlar - Revanşistlərin puç olan arzuları

13 May 2026, 17:32 1 baxış
Prezidentin Zəngilandan verdiyi mühüm mesajlar - Revanşistlərin puç olan arzuları
"Prezident İlham Əliyevin mayın 10-da Zəngilan rayonuna səfəri və burada yaşayış kompleksinin açılışını etməsi işğaldan azad olunmuş bölgələrimizdə post-münaqişə dövründəki bərpa-quruculuq prosesinin və Böyük Qayıdış proqramının praktiki icrasına xüsusi diqqətin göstəricisidir. Bu səfər zamanı Prezidentin səsləndirdiyi fikirlər isə həm daxili auditoriya, həm də beynəlxalq birlik üçün bir neçə mühüm mesajı ehtiva edir". Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Zaur Şükürov deyib.
O bildirib ki, əgər əvvəlki mərhələlər infrastrukturun qurulması, minalardan təmizləmə və "Ağıllı kənd" (Ağalı) layihəsi ilə xarakterizə olunurdusa, artıq mərkəzi şəhərlərin məskunlaşdırılması dövrü başlayır: "Bu isə işğaldan azad edilmiş ərazilərimizin artıq tam şəkildə mülki həyata inteqrasiya olunduğunu göstərir". "Dövlət başçısının "hər qarış torpaq Azərbaycan xalqına məxsusdur" mesajı regionda yeni geosiyasi reallığın sarsılmazlığını ifadə edir. Həmçinin onun bəyanatları ərazi bütövlüyümüz, suverenliyimiz bərpa və təmin edildikdən sonra Ali Baş Komandanımızın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallıqların dünya miqyasında qəbulu və təsdiqi fonunda Ermənistandakı müəyyən dairələrin ərazi iddialarının və revanşist planlarının heç bir perspektivinin olmadığının göstəricisidir. Bu, regionun gələcək taleyinin yalnız Azərbaycanın milli maraqları çərçivəsində həll ediləcəyini bir daha vurğulayır", - deyə deputat qeyd edib. Parlament üzvü əlavə edib ki, Zəngilanın gələcəyi yalnız yaşayış məntəqəsi kimi deyil, həm də strateji nəqliyyat habı kimi planlaşdırılır: "Belə ki, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, rayonun Şərq-Qərb beynəlxalq nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi üzərində yerləşməsi bu rayonun beynəlxalq yük və sərnişin daşımalarında mühüm tranzit nöqtə kimi əhəmiyyətini daha da artırır. Xüsusilə qeyd edilməlidir ki, yeni inşa olunan yaşayış kompleksləri sakinlərin rifahını yüksək səviyyədə təmin etmək üçün "Ağıllı şəhər" konseptinə əsaslanır. Müasir mənzillər, yaşıl enerji həlləri, geniş parklar və sosial obyektlər (məktəb, xəstəxana, iş yerləri) sakinlərin yalnız məskunlaşmasını deyil, həm də yüksək həyat standartlarına sahib olmasını hədəfləyir. Bu, insanların yalnız öz doğma yurdlarına qayıdışı deyil, həm də onların dayanıqlı məşğulluqla təmin edilməsi deməkdir". "Vurğulanmalı olan vacib məqamlardan biri də Prezident İlham Əliyevin mənzillərin açarlarını sakinlərə şəxsən təqdim etməsidir. Bu, həm mənəvi, həm də siyasi baxımdan dərin məna daşıyır. Mənəvi mesaj - dövlətin hər bir vətəndaşın yanında olduğunu və uzun illərin torpaq həsrətinin bitməsində dövlət-xalq birliyinin rolunu simvolizə edir. Siyasi mesaj - dövlət başçısının icra edilən layihələrə şəxsən nəzarət etdiyini və verdiyi vədlərin ("Biz qayıdacağıq!") ardıcıl şəkildə yerinə yetirildiyini göstərir. Nəhayət, Prezident İlham Əliyevin Zəngilana bu səfəri və orada verdiyi bəyanatlar Azərbaycanın gücünün, quruculuq əzminin və tarixi ədaləti bərpasının növbəti təntənəsidir", - deyə müsahibimiz fikrini yekunlaşdırıb. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər