Dünya

Kamçatkada itkin düşən turist qrupu tapıldı: 2 ölü, 5 yaralı - VİDEO

10 Apr 2026, 09:16 1 baxış
Kamçatkada itkin düşən turist qrupu tapıldı: 2 ölü, 5 yaralı - VİDEO
Kamçatkada itkin düşmüş turist qrupunun yeddi üzvündən beşi sağ tapılıb. Oxu.Az-ın məlumatına görə, bu barədə aprelin 10-da Kamçatka diyarı rəhbərliyinin mətbuat xidməti açıqlama yayıb.
"Axtarış qrupu yürüşün yeddi iştirakçısını tapıb: iki turist ölü vəziyyətdə aşkarlanıb; beş nəfər sağdır, lakin onlarda kəskin donvurma əlamətləri müşahidə olunur", - deyə məlumatda qeyd edilib. Rəhbərlik həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və onların qohumlarına hərtərəfli köməklik göstəriləcəyini vəd edib. Regionun fövqəladə hallar naziri Sergey Lebedev "VKontakte" sosial şəbəkəsindəki səhifəsində məlumat verərək qeyd edib ki, ölənlər 2001 və 2003-cü illərdə anadan olmuş şəxslərdir. Nazir bildirib ki, səyahətçilərin hamısı başqa bölgələrdən gələnlər olub: "2001 və 2003-cü il təvəllüdlü iki nəfər həyatını itirib. Bir nəfərdə donvurma qeydə alınıb. Beş nəfər xilasedicilər və bir könüllünün köməyi ilə Avaça vulkanının ətəyində yerləşən bazaya təxliyə edilib. Həlak olan iki nəfərin cəsədi də ərazidən çıxarılacaq. Bu dəhşətli faciənin əsas səbəbi, həmişə olduğu kimi, elementar təhlükəsizlik qaydalarına məhəl qoyulmamasıdır. Seçdikləri marşrutla irəliləməyə davam edən iki turist isə təhlükəsiz şəkildə Pinaçevoya çatıb. Beləliklə, hazırda itkin düşən heç kim yoxdur". Qeyd edək ki, martın 28-də səyahətçilər Nalıçevo parkında yürüşə çıxıblar. Aprelin 3-də aralarında münaqişə yaranıb - iki nəfər qısa yolla gedib, yeddi nəfər isə əsas marşrutu davam etdirib. Peyk telefonu və çadır qrupun kiçik hissəsində qalıb - onlar artıq Semyonovski kordonundadırlar və vəziyyətləri qaydasındadır. Aprelin 7-dən sonra həmin yeddi turistlə əlaqə kəsilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər