Dünya
Melaniya Tramp Konqresə "Epşteyn işi" ilə bağlı çağırış edib
ABŞ-nin birinci xanımı Melaniya Tramp Konqresi "Epşteyn işi" ilə bağlı bütün detalları üzə çıxarmaq üçün tədbirlər görməyə çağırıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə çıxışı zamanı bildirib. "İndi Konqresin hərəkətə keçməsinin vaxtıdır. Epşteyn tək fəaliyyət göstərməyib. Bu iş geniş siyasi rezonans doğurduqdan sonra bir sıra tanınmış şəxslər vəzifələrini tərk ediblər. Bu, onların günahkar olduğu anlamına gəlmir, lakin biz həqiqəti üzə çıxarmaq üçün çalışmalıyıq", - deyə o vurğulayıb. Melaniya Tramp Konqresi Epşteynin əməllərindən zərər çəkmiş qadınlara həsr olunmuş ictimai dinləmələr keçirməyə çağırıb. Onun sözlərinə görə, bu qadınlara Konqres qarşısında and altında ifadə vermək imkanı yaradılmalıdır. "Bu qadınların hamısı istəsələr, baş verənləri açıq şəkildə danışmaq imkanı əldə etməlidirlər və onların çıxışları rəsmi protokola daxil edilməlidir. Yalnız bu halda biz həqiqəti öyrənə bilərik", - deyə o əlavə edib. Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi yanvarın 30-da "Epşteyn işi" üzrə 3 milyondan çox sənəd, 2 mindən artıq video və 180 min fotoşəkli yayıb. Materiallarda müxtəlif ölkələrdən kral ailələrinin üzvləri, dövlət xadimləri, biznesmenlər, diplomatlar və alimlərin adları yer alır.
Mənbə
oxu.az