Dünya

Hondurasın sabiq prezidenti bəraət aldı - Tramp əfv etmişdi

09 Apr 2026, 17:36 1 baxış
Hondurasın sabiq prezidenti bəraət aldı - Tramp əfv etmişdi
ABŞ-nin Apelyasiya Məhkəməsi Hondurasın sabiq prezidenti Xuan Orlando Ernandes haqqında çıxarılmış hökmü və ona qarşı irəli sürülmüş ittihamları ləğv edib. Oxu.Az xəbər verir ki, sabiq dövlət başçısı bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib: "Həqiqət hər zaman qələbə qazanır və aydın olur". Xatırladaq ki, 2024-cü ilin martında ABŞ-nin Manhetten Federal Rayon Məhkəməsinin münsiflər heyəti Xuan Orlando Ernandesi ABŞ ərazisinə kokain gətirmək istəyənlərlə əlbir olmaqda, həmçinin narkotik maddələrin bura idxalı planında silah istifadə etmək və gəzdirməkdə təqsirli bilmişdi. Qeyd olunan cinayətlərə görə ona 45 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Keçən ilin noyabrında isə ABŞ prezidenti Donald Tramp sabiq prezidentin olduqca qəddar və qeyri-ədalətli münasibətə məruz qaldığını bildirərək Ernandesi əfv etmişdi. Xuan Orlando Ernandes 27 yanvar 2014-cü ildən 27 yanvar 2022-ci ilədək ardıcıl olaraq iki dəfə Hondurasın prezidenti postunu tutub. Dövlət başçısı seçilməzdən öncə isə o, dörd il ərzində Honduras Milli Konqresinə rəhbərlik edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər