Dünya
Pentaqon Vatikanı təhdid edib?
Yanvar ayında baş tutan qapalı görüş zamanı Pentaqon nümayəndələrinin Vatikanı təhdid etdikləri iddia olunur. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The New Republic" nəşri yayıb. Bildirilib ki, görüş Pentaqonda baş tutub. Görüşdə dövlət katibinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi və Vatikanın ABŞ-dəki nümayəndəsi Kardinal Kristof Pyer iştirak ediblər. Görüş zamanı Kolbi bildirib ki, ABŞ dünyada istədiyini etməyə imkan verən hərbi gücə malikdir. O, Katolik kilsəsinin ABŞ-nin tərəfini tutmasının daha yaxşı olacağı ilə bağlı xəbərdarlıq edib. Digər bir Pentaqon rəsmisi isə Avinyon Papalığından, 1309-77-ci illərdə olan dövrdən bəhs edib. Məlumata görə, həmin dövrdə papalar Fransada yaşamağa məcbur edilib və Fransa krallarına tabe olublar. Bildirilib ki, görüşdən əvvəl Papa XIV Leo Vatikanın diplomatik korpusunun nümayəndələri qarşısında çıxış edib. Çıxış zamanı Papa bütün tərəflər arasında dialoqu təşviq edən, konsensusa nail olmağa çalışan diplomatiyanın gücə əsaslanan diplomatiya ilə əvəz olunduğunu və müharibənin yenidən dəbdə olduğunu, o cümlədən savaş həvəsinin yayıldığını qeyd edib. "The New Republic" qəzetinin məlumatına görə, Ağ Ev bu sözləri ABŞ prezident administrasiyasına yönəlmiş düşmən mesajı kimi şərh edib. Qeyd edək ki, fevralın əvvəlində Papanın ABŞ-nin müstəqilliyinin 250 illiyini qeyd etmək üçün tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər etməyi planlaşdırmadığı açıqlanıb. Pentaqon Vatikanla hər hansı gərgin münasibətləri inkar edib və ABŞ ilə Vatikan nümayəndələri arasında görüşün "hörmət çərçivəsində ağlabatan bir müzakirə olduğunu" bildirib.
Mənbə
oxu.az