Dünya
Macarıstan NATO-dan çıxır?
Macarıstan hökuməti ABŞ-nin NATO-dan çıxacağı təqdirdə ölkənin belə bir addım atacağı ehtimalını nəzərdən keçirdiyinə dair iddiaları təkzib edib. Oxu.Az xəbər verir ki, bu barədə baş nazirin dəftərxanasının rəhbəri Gergey Quyaş məlumat yayıb. O qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin 7-8 aprel tarixlərində Budapeştə etdiyi səfər bu cür ssenarilərin gözlənilmədiyini sübut edib. Quyaş Macarıstanın ABŞ-dən sonra Şimali Atlantika Alyansından çıxa biləcəyi və Donald Tramp Administrasiyasının rəsmi Budapeştin digər Avropa ölkələri ilə birlikdə NATO-da oynadığı roldan narazı olması barədə xəbərləri məsuliyyətsiz və yalan təbliğat adlandırıb. Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan yaxşı və dostluq münasibətləri onsuz da bu cür məlumatları inkar edir: "Mətbuatda yayılan fərziyyələrə gəlincə, Birləşmiş Ştatlar NATO-nun ən qüdrətli dövlətidir. Macarıstan etibarlı və yaxşı müttəfiqdir, biz ölkəmiz üçün maksimum təhlükəsizliyi təmin edə biləcək bir müdafiə alyansının üzvü olmağı vacib hesab edirik", - deyə Gergey Quyaş bildirib. Xatırladaq ki, daha əvvəl D.Tramp ABŞ-nin NATO-dakı roluna yenidən baxacaqlarını bəyan etmişdi. Lakin bir çox ekspertlər bu sözləri alyansdan çıxmaq niyyəti kimi deyil, Ağ Evin Avropanın təhlükəsizliyindəki iştirakını azaltmaq, o cümlədən Avropa qitəsindəki qoşunlarının sayını ixtisar etmək istəyi kimi qiymətləndiriblər.
Mənbə
oxu.az