Dünya

Rusiyada əcnəbilərin deportasiyası üçün əsaslar artırıldı

09 Apr 2026, 14:52 1 baxış
Rusiyada əcnəbilərin deportasiyası üçün əsaslar artırıldı
Aprelin 13-də Rusiya Dövlət Dumasının Şurası əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir sıra qanun pozuntularına görə ölkədən deportasiya edilməsini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirməyə başlayacaq. Oxu.Az xəbər verir ki, bu barədə spiker Vyaçeslav Volodin məlumat paylaşıb. "Bazar ertəsi Dövlət Dumasının Şurası ictimai təhlükəsizliyin gücləndirilməsi və əcnəbilərin davranışına nəzarətin artırılması məqsədilə hazırlanan sənədin müzakirəsinə başlayır. Təqdim olunan sənəddə miqrantların ölkədən çıxarılmasına səbəb olan inzibati pozuntuların siyahısının təxminən iki dəfə artırılaraq, İnzibati Xətalar Məcəlləsinin 22 maddəsindən 43-ə çatdırılması təklif edilir", - deyə Volodin qeyd edib. Sənəd Rusiya hökuməti tərəfindən bu ilin mart ayında irəli sürülüb. Təklif olunan dəyişikliklər İnzibati Xətalar Məcəlləsini əhatə edəcək. Layihəyə əsasən, məcəllənin bir neçə maddəsinə, xüsusən əcnəbilər tərəfindən törədildiyi halda cərimə və Rusiyadan məcburi çıxarılmanı nəzərdə tutan yeni bəndlər əlavə olunacaq. Belə ki, icazəsiz aksiyalarda iştirak etmək, Rusiya ordusunun nüfuzuna xələl gətirmək, Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırmaq və ölkənin ərazi bütövlüyünü təhdid edən hərəkətlərə səsləmək əcnəbi vətəndaşların deportasiyasına gətirib çıxaracaq. Eyni zamanda, sənəddə bəzi qanun pozuntularına görə tətbiq edilən cərimələrin artırılması planlaşdırılır. Sərhədi keçmə, ölkəyə daxil olma və qalma qaydalarının pozulması, əcnəbilərin qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olması, eləcə də miqrantların qanunsuz işə götürülməsi ilə bağlı cəzalar daha da ağırlaşdırılacaq. "Ölkəmizə təşrif buyuran hər kəs Rusiya Federasiyasının qanunlarına hörmətlə yanaşmalıdır", - deyə Volodin bildirib. O əlavə edib ki, təkcə 2024-cü il ərzində Dövlət Duması miqrasiya sahəsinin təkmilləşdirilməsinə dair 22 federal qanun qəbul edib və onların 18-nin təşəbbüskarı məhz deputatlar olub. Sədr sonda vurğulayıb ki, qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısını almaq üçün lazımi bütün addımları atmağa çalışıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər