Dünya
ABŞ səfirliyi İraqdakı vətəndaşlarına yeni hücumlar barədə xəbərdarlıq edib
ABŞ-nin İraqdakı səfirliyi ölkədəki vətəndaşlarını yerli şiə qruplaşmalarının ABŞ obyektlərinə yeni hücum riskləri barədə xəbərdar edib. Oxu.Az xəbər verir ki, müvafiq məlumat diplomatik missiyanın rəsmi saytında yerləşdirilib. "Böyük ehtimalla, onlar (qruplaşmalar - red.) bütün İraq boyu, o cümlədən İraq Kürdüstanında ABŞ vətəndaşlarına və ABŞ ilə əlaqəli obyektlərə qarşı yeni terror aktları törətmək niyyətindədirlər", - məlumatda deyilir. Qeyd edilib ki, bundan əvvəl, aprelin 8-də İraqın şiə qruplaşmaları pilotsuz uçuş aparatlarından istifadə edərək Bağdad beynəlxalq hava limanı ərazilərinə və ABŞ-nin diplomatik dəstək mərkəzinə hücum ediblər. Səfirlik əlavə edib ki, ABŞ və İran arasında elan edilən atəşkəs fonunda ölkənin hava məkanı açıldığı təqdirdə belə, ABŞ vətəndaşları İraqa səfərlərdən birmənalı şəkildə çəkinməlidirlər. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Mənbə
oxu.az