Dünya

"Disney" şirkəti xərcləri azaltmaq üçün kütləvi ixtisara gedir

09 Apr 2026, 10:44 1 baxış
"Disney" şirkəti xərcləri azaltmaq üçün kütləvi ixtisara gedir
"Disney" şirkəti qarşıdan gələn həftələr ərzində minədək əməkdaşını işdən çıxarmağa hazırlaşır. Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinad edən "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb. Bildirilib ki, işdən çıxarılma dalğası ilk növbədə korporasiyanın bu yaxınlarda birləşdirilmiş marketinq departamentini əhatə edəcək. 2025-ci ilin nəticələrinə əsasən, "Disney"in işçi qüvvəsi 231 min nəfərdən ibarət olub ki, onların da təqribən 80 faizi əyləncə sektorunda, o cümlədən tematik parklar və əmtəə istehsalı bölmələrində fəaliyyət göstərib. 2022-ci ildən etibarən həyata keçirilən genişmiqyaslı restrukturizasiya çərçivəsində korporasiya 8 mindən artıq əməkdaşı ilə yollarını ayırıb. Bu addım təxminən 5.5 milyard dollar vəsaitə qənaət etmək məqsədi daşıyır. Qəzet qeyd edir ki, "Disney" və digər Hollivud studiyaları daha çox gəlir gətirən ənənəvi televiziya formatından fərqli olaraq, striminq xidmətlərinin hökmranlığı fonunda azalan mənfəətə bu yolla uyğunlaşmağa cəhd edirlər. Fevral ayında şirkətin yeni baş direktorunun daha əvvəl əyləncə parklarına rəhbərlik etmiş Coş D'Amaro olacağı açıqlanıb. Nəşr kütləvi ixtisar planını yeni rəhbərliyin atdığı ilk "ciddi addım" kimi qiymətləndirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər