Dünya
ABŞ pilotları İrandan necə çıxarıldılar?
Kubra Məhərrəmova yazır... ABŞ pilotlarının İrandan təxliyəsi iki gündür dünya mətbuatının və sosial şəbəkələrin əsas mövzusudur. İran tərəfdarları deyirlər ki, bu, ABŞ-nin növbəti uydurmasıdır. Heç kim İranın hava sərhədini pozub özünü evin yiyəsi kimi apara bilməz. ABŞ Prezidenti Donald Tramp isə "Truth Social" sosial şəbəkəsində İran üzərində vurulmuş F-15 qırıcısının amerikalı pilotu, zabitin xilas edilməsi əməliyyatının təfərrüatı barədə yazaraq maraqlı detala toxunub: "Biz gündüz vaxtı, İran səmasında yeddi saat keçirməklə pilotu xilas etdik, bu da qeyri-adidir". Yəni ki, İranın hava məkanına düz yeddi saat ABŞ nəzarət edib. Qeyd edim ki, İranda ölkə üzrə internet bağlı olduğu üçün ortaya atılan informasiya yalnız rəsmi Tehranın razılıq verdiyi məlumatlardır. Ona görə də məlumatın İran tərəfindən dəqiqləşdirilməsi mümkün deyil. Amma bir anlıq düşünsək ki, pilotlar SEPAH-ın əsirliyindədir, o zaman bu barədə minlərlə video təqdim olunardı, elə rəsmi qaynaqlardan. Bunlar olmadığı üçün, ehtimal edə bilərik ki, ABŞ tərəfi doğru məlumat yayımlayır. Keçək bu əməliyyatın mahiyyətinə. Hər iki pilotun sağ-salamat ABŞ-yə çatdırılması, xilasetmə əməliyyatı üçün bu qədər vəsait, risk, xüsusi təyinatlı döyüşçülərin göndərilməsi ilk baxışdan mənasız görünə bilər. Lakin unutmayaq ki, ABŞ-nin bu cür əməliyyatlara getməsi təsadüfi deyil. Bu uzun illər formalaşmış hərbi və ictimai doktrinanın nəticəsidir. Üstəgəl ABŞ üçün imic və nüfuz məsələsidir. Onu da qeyd edim ki, bu qəbildən olan əməliyyat ABŞ üçün ilk deyil. Bu məsələyə qayıdacağam. Gəlin, mahiyyətə varaq: ABŞ niyə öz pilotlarının əsirliyə düşməsini istəmir? 1955-1975-ci illərdə 20 il davam edən ABŞ Vyetnam müharibəsi dövründə ABŞ hərbçilərinin əsir düşməsi, itkin sayılması və geri döndükdən sonra yaşadıqları psixoloji sarsıntıları həm rəsmi Vaşinqton üçün, həm də Amerika cəmiyyəti üçün olduqca həssas məsələdir. Əsir düşən amerikalı hərbçilərin böyük hissəsi Şimali Vyetnamın paytaxtı Hanoyda yerləşən məşhur Hoa Lo həbsxanasında saxlanılırdı. ABŞ pilotları bura zarafatla "Hanoi Hilton" deyirdilər. Bu zarafatın arxasında isə dözülməz əsirlik həyatı, fiziki və psixoloji işgəncələr, aclıq, tibbi yardımın olmaması və daimi təzyiq dururdu. Vyetnamlılar ABŞ pilotlarına işgəncə verərək, onlardan tez-tez müharibə əleyhinə bəyanatlar vermələrini tələb edirdilər. Vyetnamda amerikalı əsirlər üçün heç bir beynəlxalq hüquq və müdafiə tanınmırdı. Əsl cəngəllik qanunları hökm sürürdü. Kim güclü idisə, o da sağ qalırdı. Vyetnam müharibəsi ABŞ cəmiyyəti və hakimiyyəti üçün çox vacib dərs oldu. Nə olursa, olsun, Amerika hərbçisi əsir düşüb, düşmən ərazidə qala bilməz. 1973-cü ildə ABŞ "Operation Homecoming" yəni "Geri Qayıdış" əməliyyatını həyata keçirir. Paris Sülh Sazişindən sonra bir neçə həftə ərzində 591 amerikalı hərbi əsir ABŞ-yə qaytarılır. Onların əksəriyyəti uzun illər (6-8 il) əsirlikdə, işgəncə altında qalan hərbçilər idi. Qayıdanların bir çoxu ölü, ya da itkin sayılırdı. Əsirlikdən qayıdanların keşməkeşli həyatı bununla da bitmir, yəni "happy end" baş vermir. Vyetnam əsirliyindən geri dönən ABŞ hərbçilərinin çoxu ağır psixoloji problemlərlə üzləşir. Bu gün "post-travmatik stress pozuntusu" (PTSD) kimi tanınan vəziyyət o dövrdə ciddiyə alınmadığı üçün bir çox veteran cəmiyyətə uyğunlaşa bilmir və əsirlikdə yaşanan travmalar çoxunu intihara gətirir. Bu faktı yada salmağımın səbəbi odur ki, ABŞ cəmiyyəti və hökuməti bu məsələdə çox həssasdır. İrandan iki Amerika pilotunun təxliyəsindən sonra Doland Trampın "ABŞ ordusu öz tarixində ən cəsarətli axtarış və xilasetmə əməliyyatlarından birini həyata keçirib", deməsi heç də şişirdilmiş deyil. Buna oxşar əməliyyat 1999-cu ildə də keçirilib. 1999-cu il martın 27-də Yuqoslaviya üzərində baş verən hadisə müasir hərb tarixdə dönüş nöqtələrindən biri hesab olunur. Həmin gün NATO-nun hava əməliyyatları çərçivəsində ABŞ-yə məxsus, uzun illər "radara görünməz" hesab edilən təyyarə F-117 "Nighthawk", Serbiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulur. Təyyarənin pilotu, leytenant-polkovnik Deyl Zelko katapult edərək Serbiya qüvvələrinin nəzarət etdiyi zonaya düşür. O, dərhal əlaqə siqnalları göndərsə də, yerini gizli saxlamaq üçün maksimum ehtiyatla hərəkət edir. Məlumata görə, serb qüvvələri onun olduğu əraziyə olduqca yaxınlaşıb və əsir düşməsi an məsələsi olub. Bu nümunədə biz eyniylə İran ərazisinə düşən iki Amerika pilotunun hekayəsini görürük. Paralellər olduqca çoxdur. Pilotun xilas edilməsi üçün qısa müddət ərzində genişmiqyaslı əməliyyat hazırlanır. Saatlar içində havaya bir neçə tip döyüş və dəstək təyyarələri qaldırılır, helikopterlər bölgəyə yönləndirilir və hava məkanına tam nəzarət təmin olunur. Əməliyyatda A-10 hücum təyyarələri, F-15 və F-16 qırıcıları, radioelektron mübarizə vasitələri və xüsusi təyinatlı xilasetmə helikopterləri iştirak edir. Təxminən 6-8 saat sonra Zelko təhlükəsiz şəkildə ərazidən çıxarılır. Bu qədər qısa müddətdə və düşmən ərazisinin dərinliyində həyata keçirilən əməliyyat həm texniki, həm də koordinasiya baxımından yüksəksəviyyəli hesab olunur. Yəni 1999-cu ildə, Yuqaslaviyada zərgər dəqiqliyi ilə həyata keçirilən əməliyyat İranda təkrar edilib. İrandakı əməliyyatın maraqlı tərəfi, həm də odur ki, İran öz hava məkanına fevralın 28-dən bu günə kimi nəzarət edə bilmir. İsrail, Amerika qırıcıları, helikopterləri səmada azad uçuşlar edir. Bu gün İran hava məkanını əsasən Rusiyanın S-300 və yerli "Bavar-373" sistemləri ilə qoruyur. Texnologiya səviyyə və real döyüş təcrübə baxımından İran hələ də qabaqcıl orduların sistemləri ilə rəqabət apara bilmir. Üstəgəl hazırda İran hakimiyyətində baş verən xaos, hərbi elitaya da təsir edir. İki pilotun SEPAH-ın burnunun altından təxliyə edilib çıxarılması da İran üçün tərs sillədir. Sadəcə maraqlıdır, görəsən İran xalqının bu məsələdən xəbəri var, yoxsa SEPAH daxili auditoriya üçün hələ də iki Amerika pilotlarını axtarır? Bu barədə televiziyalara süjetlər verir? Yadıma Azərbaycanın İrandakı Səfirliyinə hücum edən terrorçunun "arvadını axtarmağı" düşdü. Neçə gündür aparılan axtarış əməliyyatından sonra rəsmi Tehran İran xalqına nə deyəcək? Pilotları cinlər apardı? Yoxsa "Əbəlfəz" nağılının yeni bölümünü ortaya atacaqlar? İranın hakimiyyət dairələri İran xalqına nağıl danışdığı zaman ABŞ bu cür təxliyə əməliyyatları keçirərək həm hərbi, həm də psixoloji və siyasi mesaj verdi. Qısa və dəqiq bildirdi ki, Amerika əsgəri harada olursa olsun, o tərk edilməyəcək. Ölkə də, hərbi də, dövlət də onun yanındadır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər