İdman
"Liverpul" klubu təcili iclas keçirib: Arne Slotun taleyi həll olunur
"Mançester Siti"yə qarşı İngiltərə Kubokunun 1/4 finalında qeydə alınan sarsıdıcı məğlubiyyətdən (0:4) sonra "Liverpul" rəhbərliyi təcili olaraq bir araya gəlib. Oxu.Az "Sky Sports" istinadən xəbər verir ki, iclasın əsas müzakirə mövzusu komandanın baş məşqçisi Arne Slotun gələcək taleyi olub. "Liverpul" rəhbərliyi düşünür ki, klub mütləq şəkildə Çempionlar Liqasına vəsiqə qazanmalıdır, əks halda Arne Slot işini itirəcək. Şənbə günü baş tutan matç "Liverpul"un cari mövsümdəki 15-ci məğlubiyyəti kimi tarixə düşüb. 2015-ci ildən bəri qeydə alınan ən ağır bu məğlubiyyət baş məşqçinin üzərində ciddi təzyiq yaradıb. Xatırladaq ki, Slot 2024-cü ildə "Liverpul"un "sükanı arxasına" keçib və komanda ilə 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub. Hazırkı vəziyyətə görə "Liverpul" İngiltərə çempionatının turnir cədvəlində 49 xalla beşinci pillədə qərarlaşıb. Bununla yanaşı, "qırmızılar" Çempionlar Liqasının 1/4 final mərhələsində də çıxışlarını davam etdirirlər.
Mənbə
oxu.az