Dünya
Tailandda 2443-cü ildə doğulmuş qadın tapılıb: Tarixin ən yaşlı insanı ola bilər
Tailandda rəsmi sənədlərə əsasən yaşı 126-ya çatan qadın tapılıb. Bu fakt onu potensial olaraq tarixin ən yaşlı insanı edir. Oxu.Az-ın xəbərinə görə, bu barədə yerli "Daily News" nəşri məlumat verib. Məlumata görə, qadının adı Quyçe Citsakulvatdır və Lamphun əyalətinin Li rayonunda tik ağacının yarpaqlarından hazırlanmış damı olan ənənəvi bambuk evdə yaşayır. Qadın Tay dilində danışa bilmir və yalnız Paka Kenyo (Karenlər) etnik qrupunun ləhcəsində ünsiyyət qurur. Qohumları jurnalistlərə təqaüdçünün şəxsiyyət vəsiqəsini göstəriblər. Sənəddə onun doğum tarixi Buddist təqviminə görə 5 sentyabr 2443-cü il kimi qeyd olunub ki, bu da Qriqorian təqvimində 1900-cü ilə uyğun gəlir. Quyçe Citsakulvatın özünün sözlərinə görə, onun bir övladı olub və təxminən 40 yaşında vəfat edib. İndi onun üç nəvəsi var və ən böyüyü cəmi 37 yaşındadır. Qadın iddia edir ki, ömrü boyu möhkəm sağlamlığı ilə fərqlənib, yalnız bir dəfə xəstəxanaya düşüb və gücü imkan verdiyi qədər düyü tarlalarında işləyib. O, uzunömürlülük sirrini həyat tərzi və qidalanma ilə əlaqələndirib. Qadın vegetarian pəhrizinə riayət edir, gündə üç dəfə yemək yeyir və xüsusilə də xırtıldayan qızardılmış tofu sevir, eləcə də hər gün meditasiya ilə məşğul olur, təsbeh çevirir və dua edir.
Mənbə
oxu.az