Dünya

Marko Rubio ABŞ-nin Kuba prezidentini devirmək istədiyi barədə iddialara aydınlıq gətirdi

18 Mar 2026, 10:28 2 baxış
Marko Rubio ABŞ-nin Kuba prezidentini devirmək istədiyi barədə iddialara aydınlıq gətirdi
ABŞ-nin dövlət katibi Marko Rubio "The New York Times" qəzetinin Vaşinqton Administrasiyasının Migel Dias-Kanelin Kuba prezidenti vəzifəsindən getməsinə nail olmağa çalışdığını iddia edən məqaləsini uydurma adlandırıb. Oxu.Az xəbər verir ki, bununla bağlı dövlət katibi sosial şəbəkə hesabında paylaşım edib. "Bu qədər çox KİV-in belə uydurma xəbərləri dərc etməsinin səbəbi onların hələ də mənbə kimi məlumatlı olduqlarını iddia edən yalançılara etibar etməsidir", - deyə Rubio bildirib. Qeyd olunan materialda mənbələrə istinadən Vaşinqton Administrasiyasının Kuba hakimiyyəti ilə danışıqlarda Dias-Kanelin istefası zərurətini qaldırdığı iddia edilir. Nəşrin versiyasına görə, Vaşinqton hesab edir ki, bu, ölkə iqtisadiyyatında struktur dəyişiklikləri aparmağa və orada ABŞ biznesi üçün imkanları genişləndirməyə şərait yarada bilər. ABŞ Prezidenti Donald Tramp isə martın 17-də Vaşinqtonun yaxın zamanda Kubaya münasibətdə tədbirlər görməyi planlaşdırdığını bəyan edib, lakin təfərrüatı açıqlamayıb. Dias-Kanel martın 13-də bildirib ki, Havana və Vaşinqton "ikitərəfli fikir ayrılıqları üzrə dialoqla həll yollarının axtarışına yönəlmiş" danışıqlar aparıblar. Dövlət başçısı qeyd edib ki, dialoqun məqsədləri həllini gözləyən problemlərin müəyyənləşdirilməsi və hər iki ölkə xalqlarının xeyrinə konkret addımlar atmağa hazırlıqla bağlı olub. Dias-Kanelin fikrincə, Kuba bu prosesi hər iki ölkənin siyasi sistemlərinə bərabərlik və hörmət əsasında, eləcə də Havana hökumətinin suverenliyi və öz müqəddəratını təyin etməsi əsasında həyata keçirməyə hazırdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər