Dünya
ABŞ İrana ən yaxın ərazidə "F-35A" qırıcı təyyarələr eskadrilyası yerləşdirdi
ABŞ Hərbi Hava Qüvvələri Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına 10 ədəd beşinci nəsil "F-35A Lightning II" stels-qırıcı təyyarələrindən ibarət eskadrilya yerləşdirib. Bu barədə Oxu.Az "Military Air Tracking Alliance" (Hərbi Hava İzləmə Alyansı - MATA) məlumatlarına istinadən xəbər verir. İndi bura ABŞ döyüş aviasiyasının İrana ən yaxın yerləşdirildiyi obyektdir. Ötən bazar günü qırıcılar yanacaqdoldurma təyyarələrinin dəstəyi ilə ABŞ-dən trans-Atlantik uçuşdan sonra Böyük Britaniyadakı Leykenhit aviabazasına çatıblar, oradan da martın 16-da Yaxın Şərqə yola düşüblər. Şahzadə Sultan aviabazasında artıq ABŞ-nin altı ədəd "E-3C Sentry AWACS" uzaqdan radiolokasiya aşkarlayıcı və idarəetmə təyyarəsi, döyüş əməliyyatları şərtlərində qoşunlarla rabitəni təmin etmək üçün nəzərdə tutulmuş yeddi ədəd "E-11A BACN" rabitə retranslyatoru təyyarəsi, eləcə də yanacaqdolduran təyyarələr yerləşdirilib. Yaxın Şərqdəki ABŞ taktiki aviasiya qruplaşmasının hazırda 250-dən çox təyyarəsi var. Onun ən böyük mərkəzi İordaniyadakı "Muvaffaq Salti" aviabazasıdır ki, burada "F-35A", "F-15E", "F-16" və "A-10" da daxil olmaqla, çoxsaylı eskadrilyalar yerləşdirilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az