Dünya
İran növbəti hərbi əməliyyatlara başladığını bəyan etdi
İran İsrail və ABŞ-nin hücumlarına cavab olaraq, əməliyyatların 55-ci dalğasına başladığını bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. Daha əvvəl İrandan raketlərin atılması ilə əlaqədar İsrailin mərkəzində yenidən hava hücumu həyəcanı elan edilmişdi. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az