Dünya

Dubay aeroprtuna PUA hücumu: Yanacaq çəni zədələnib, uçuşlar dayandırılıb - VİDEO

16 Mar 2026, 10:30 2 baxış
Dubay aeroprtuna PUA hücumu: Yanacaq çəni zədələnib, uçuşlar dayandırılıb - VİDEO
Dubay Beynəlxalq Hava Limanı ərazisinə PUA hücumu olub. Hadisə nəticəsində yanacaq çənlərindən biri zədələnib. Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda müvafiq qurumlar yanğını söndürməyə çalışırlar. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Dubay Mülki Aviasiya İdarəsindən bildirilib ki, Dubay Beynəlxalq Hava Limanında sərnişinlərin və personalın təhlükəsizliyini təmin etmək üçün ehtiyat tədbiri olaraq uçuşlar müvəqqəti dayandırılıb. Davam edən fasilələr səbəbindən Dubay Beynəlxalq Hava Limanından bəzi uçuşlar Əl-Maktum Beynəlxalq Hava Limanına yönləndirilir. Səyahət edənlərə uçuş cədvəlləri və səyahət planları ilə bağlı ən son məlumatlar üçün öz aviaşirkətləri ilə əlaqə saxlamaları tövsiyə olunur. Qeyd edilir ki, əlavə məlumat əldə edildikdə rəsmi kanallar vasitəsilə yayımlanacaq. Həmçinin bildirilir ki, bundan sonra "Emirates" şirkəti də Dubaya və əks istiqamətdə bütün uçuşların müvəqqəti olaraq dayandırıldığını elan edib və sərnişinləri növbəti xəbərdarlığa qədər hava limanına səyahət etməkdən çəkinməyə çağırıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər