Dünya
"Facebook" və "Instagram"da lent problemi: "Meta"ya qarşı maliyyə təzyiqi artırıldı
Amsterdam Apellyasiya Məhkəməsi "Meta" şirkətini platformalarında və sosial şəbəkələrində istifadəçi lentlərini Avropanın Rəqəmsal Xidmətlər Aktına uyğunlaşdırmalı olan dəyişiklikləri vaxtında etmədiyinə görə 10 milyon avro məbləğində cərimələyib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin qərarında qeyd olunub. Qeyd olunur ki, söhbət "Meta" və Niderlandın rəqəmsal hüquqların müdafiəsi təşkilatı "Bits of Freedom" arasında məhkəmə mübahisəsindən gedir. 2025-ci ilin oktyabrında Amsterdam Dairə Məhkəməsi "Facebook" və "Instagram"ın ayrı-ayrı elementlərinin Avropa İttifaqının qanunvericiliyinin tələblərini pozduğuna qərar verərək şirkəti beş milyon avro cərimələmişdi. Məhkəmə xüsusilə istifadəçi lentinin tənzimlənməsi ilə bağlı problemə diqqət çəkib: istifadəçinin seçdiyi məzmun göstərmə variantı daimi olaraq saxlanılmır və bölmələr arasında keçid zamanı və ya tətbiqi yenidən açdıqdan sonra avtomatik olaraq alqoritmik tövsiyə sisteminə qayıdırdı. Apellyasiya məhkəməsi "Meta"ya lazımi dəyişiklikləri iki həftə ərzində etməyi tapşırıb, lakin şirkət bu qərardan apellyasiya şikayəti verib. 2025-ci il oktyabrın 28-də verdiyi aralıq qərarda məhkəmə göstərişin həmin il dekabrın 31-dən gec olmayaraq yerinə yetirilməsini tələb edib. Məhkəmənin məlumatına görə, lazımi dəyişikliklərin əhəmiyyətli hissəsi artıq edilib, lakin bütün tələblər tam yerinə yetirilməyib. Bununla əlaqədar, apellyasiya instansiyası şirkətə qarşı maliyyə təzyiqini gücləndirməyi zəruri hesab edərək maksimum cərimə məbləğini 10 milyon avroya qədər artırıb.
Mənbə
oxu.az