Dünya

"Haber Global" Şuşa Bəyannaməsinin regional və ikitərəfli önəmindən reportaj yayımladı - Video

05 Oct 2026, 17:50 3 baxış
"Haber Global" Şuşa Bəyannaməsinin regional və ikitərəfli önəmindən reportaj yayımladı - Video
"Tarix boyu üzləşdikləri bütün çətinliklərdə Türkiyə və Azərbaycan daim bir-birinə dəstək olublar. Bu sarsılmaz qardaşlıq telləri 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi vasitəsilə tamamilə yeni bir mərhələyə qədəm qoyub". Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"ın reportajında məlumat verilib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 30 ilə yaxın davam edən işğaldan sonra azad etdiyi, Qarabağın rəmzi sayılan Şuşa şəhərinə səfər edib. Bununla da Ərdoğan Şuşaya səfər edən ilk xarici dövlət başçısı kimi tarixə düşüb. Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasındakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinə imza atıblar. Prezident İlham Əliyev bu sənədin əlaqələri ən yüksək zirvəyə çatdırdığını vurğulayıb, Ərdoğan isə "Bir millət, iki dövlət" prinsipinə əsaslanaraq tarixi bir addımın atıldığını qeyd edib. Sənədin imzalandığı 15 iyun tarixi həm də özündə xüsusi rəmzi məna daşıyır. Belə ki, Azərbaycanda 15 iyun Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı gün olaraq Milli Qurtuluş Günü kimi qeyd edilir. Həmçinin həmin gün Türkiyə-Azərbaycan əlaqələrinin mühüm sənədlərindən sayılan Qars müqaviləsinin imzalanmasının 100 illik yubileyi ilə üst-üstə düşürdü", - deyə materialda bildirilir. Telekanalın süjetində qeyd olunur ki, Şuşa Bəyannaməsi Türkiyə və ya Azərbaycandan hər hansı birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid və ya hücum olacağı təqdirdə iki dövlətin birgə hərəkət etməsini nəzərdə tutur: "Bununla da "iki dövlət, bir millət" fəlsəfəsi müttəfiqlik ruhu çərçivəsində daha real və möhkəm bir müstəviyə keçirilib. Sənədin imzalanmasından sonra başda müdafiə sənayesi, enerji, nəqliyyat, iqtisadiyyat və humanitar əlaqələr olmaqla bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq daha da intensivləşib. Şuşa Bəyannaməsi sadəcə Türkiyə və Azərbaycan münasibətləri kontekstində deyil, eyni zamanda regional əməkdaşlığın inkişafı və Türk dünyası inteqrasiyasının gücləndirilməsi baxımından çox mühüm bir dönüş nöqtəsi hesab olunur".
Mənbə oxu.az

Oxşar Xəbərlər