Dünya
"Saudi Aramco": Dünya neft ehtiyatları təhlükəli dərəcədə azalıb
Dünyada neft tədarükündə yaranan fasilələrin təsirini azaltmağa imkan verən ehtiyatlar "təhlükəli dərəcədə aşağı" səviyyəyə düşüb. Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bunu "Saudi Aramco" dövlət şirkətinin rəhbəri Amin Nasir Londonda keçirilən "Energy Intelligence" forumunda deyib. Onun sözlərinə görə, Hörmüz boğazının gəmilərin sərbəst hərəkəti üçün açılmaması neft bazarında vəziyyətin daha da pisləşməsi riskini artırır. Nasir bildirib ki, G7 ölkələrinin strateji ehtiyatlarından 100 milyon barelə qədər neft və dizel yanacağının bazara çıxarılması müəyyən müddət ərzində dəstək verəcək. Lakin bu addım tələb və təklif arasındakı balanssızlığı aradan qaldırmayacaq. Onun sözlərinə görə, Hörmüz boğazında gəmiçiliyin bərpasından sonra belə, ölkələrə ehtiyatlarını əvvəlki səviyyəyə çatdırmaq üçün iki ilədək vaxt lazım ola bilər. "Saudi Aramco" rəhbəri şirkətin gündəlik neft hasilatını bir neçə gün ərzində maksimum dayanıqlı səviyyə olan 12 milyon barelə çatdıra biləcəyini də bildirib. Nasir qeyd edib ki, şirkət neft ixracında hər hansı bir marşrutdan həddindən artıq asılılığın qarşısını almaq üçün alternativ marşrutlar və xaricdə əlavə anbarlar axtarır.
Mənbə
oxu.az