İdman
Yasin Kolun hakimlərlə pul köçürmələri etdiyi üzə çıxıb
İstanbulda "Hakimlər işi" çərçivəsində saxlanılan Super Liqa hakimi Yasin Kolun eyni matçlarda çalışdığı bəzi hakimlərlə pul köçürmələri etdiyi MASAK hesabatında üzə çıxıb. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hesabatda 2012-2026-cı illər ərzində Kolun hesablarından 72.1 milyon lirə çıxdığı, hesablarına isə 62.5 milyon lirə daxil olduğu qeyd edilib. Ümumilikdə onun hesabları üzrə 135 milyon lirəlik əməliyyat həyata keçirilib. Hesabata görə, Kolun 11 bankda 50 hesabı və 41 fərqli IBAN-ı olub. Onun eyni matçlarda birlikdə çalışdığı hakimlərlə bağlı 64 bank əməliyyatının 50-si qarşılaşmadan üç gün əvvəl və iki gün sonra həyata keçirilib. Bu ödənişlərin 47-si Kol tərəfindən köməkçi və dördüncü hakimlərə göndərilib. Köçürülən məbləğlər 100-5 000 lirə arasında dəyişib. 44 ödəniş zamanı Kol həmin matçın baş hakimi olub. 40 köçürmə isə oyunlardan sonra həyata keçirilib. Hesabatda ödənişlərin məqsədini bank qeydləri əsasında müəyyənləşdirməyin mümkün olmadığı bildirilib.
Mənbə
oxu.az