Dünya
ÜST İranda "qara yağış"ın sağlamlığa təhlükəsi barədə xəbərdarlıq etdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İranda neft obyektlərinə endirilən zərbələrdən sonra müşahidə olunan "qara yağış"ın insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib. Oxu.Az xəbər verir ki, bu barədə mignews.org məlumat yayıb. Bildirilib ki, tərkibində çoxlu neft məhsulları olan belə yağıntılar xüsusilə tənəffüs sistemi üçün təhlükəlidir. ÜST nümayəndəliyinin məlumatına görə, bu həftə İranda belə yağıntılarla bağlı çoxsaylı məlumatlar daxil olub. Martın 9-da Tehrandakı neft emalı zavoduna endirilən zərbədən sonra şəhər qalın qara tüstü dumanı ilə örtülüb. Ölkənin enerji infrastrukturuna hücumların artması fonunda baş verən bu hadisə atmosferin hədsiz çirklənməsinə səbəb olub. ÜST-ün nümayəndəsi Kristian Lindmayer Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, "qara yağış" və onu müşayiət edən turşulu yağıntılar əhali üçün real təhlükə mənbəyidir. Bu yağıntılar ağciyərlərdə və tənəffüs yollarında qalıcı fəsadlara yol aça bilər. Havanın keyfiyyətinin kəskin pisləşməsi və toksik duman səbəbindən İran hakimiyyəti sakinlərə zərurət yaranmadıqca küçəyə çıxmamağı və evdə qalmağı tövsiyə edib. Xatırladaq ki, "Qızıl Aypara" təşkilatı da Tehranda neft emalı zavoduna zərbədən sonra havaya atılan tullantıların insan orqanizminə zərərli təsiri barədə xəbərdarlıq etmişdi.
Mənbə
oxu.az