Dünya
İsrailin Livandakı əməliyyatının məqsədi məlum oldu
İsrailin komando bölməsi 1986-cı ildə əsir götürülən pilot Ron Aradın qalıqlarını tapmaq və geri qaytarmaq üçün Livanın şərqindəki dağlıq bölgəyə eniş edib. Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Hədat" televiziyası məlumat yayıb. Kanalın məlumatına görə, İsrail hərbçiləri Nəbi Şit şəhəri yaxınlığına eniş edərək İsrail pilotunun qalıqlarının dəfn olunduğu qəbiristanlığa doğru gediblər. Lakin onlar orada pusquya düşüblər və geri qayıtmağa məcbur olublar. "Hizbullah" hərəkatı qırıcılarının "Əl-Şokr" qəbiristanlığı yaxınlığında İsrail bölməsinə hücuma keçdiyini təsdiqləyib. "Düşmən bölməsi aşkar edildikdən sonra onların döyüş zonasından geri çəkilmələri üçün təyyarələr və helikopterlərdən istifadə edərək zərbələr endirilib", - deyə hərəkatın bəyanatında qeyd olunub. Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinin şturmanı Ron Arad 16 oktyabr 1986-cı ildə döyüş tapşırığı zamanı Livan üzərində "F-4 Phantom" təyyarəsi vurulduqdan sonra əsir götürülüb. Ehtimala görə, o, 1988-ci ilin may ayında əsirlikdə olarkən güllələnib.
Mənbə
oxu.az