Siyasət

Rusiya-Ukrayna savaşının qış ssenarisi: Enerji infrastrukturu əsas hədəfə çevrilir?

05 Oct 2026, 16:56 2 baxış
Rusiya-Ukrayna savaşının qış ssenarisi: Enerji infrastrukturu əsas hədəfə çevrilir?
Rusiya-Ukrayna müharibəsi daha bir payız-qış mövsümünə daxil olur. Havaların dəyişməsi ilə cəbhədə döyüşlərin xarakterinin də dəyişəcəyi istisna deyil. Çünki tarixən payızın yağışlı, qışın isə sərt hava şəraiti hücum əməliyyatlarını çətinləşdirib və irəliləyən tərəfin logistika imkanlarına ciddi çətinlik yaşadıb. Rusiya-Ukrayna müharibəsində də hava şəraitinin döyüşlərin tempinə təsiri dəfələrlə müşahidə olunub. Üstəlik, soyuq hava şəraiti xüsusilə enerji infrastrukturunu daha həssas hədəfə çevirir və tərəflərin hərbi strategiyalarında mövsümi amilin önəmini artırır. Enerji obyektlərinə zərbələrin intensivləşməsi, mülki əhali və iqtisadiyyat üçün əlavə təzyiqlər, eləcə də cəbhədə əməliyyatların xarakterinin dəyişməsi qarşıdakı dövrə dair suallar yaradır. Maraqlıdır, qış mövsümü müharibənin gedişinə necə təsir edəcək? Tərəflər bu şəraitdən istifadə edərək hansı hərbi və siyasi imkanlara əl ata bilər? Enerji infrastrukturu müharibənin yeni əsas hədəfinə çevrilə bilərmi? Mövzu ilə bağlı Oxu.Az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Rusiya Ukrayna müharibəsində 2026-2027-ci ilin qış kampaniyası artıq faktiki olaraq başlayıb:
"Sentyabrın 29-30-da Rusiya Ukraynanın enerji infrastrukturuna iri kombinə edilmiş zərbə vurub. Bu, qarşıdakı qış üçün enerji sisteminə yönələn kampaniyanın başlanğıcı kimi qiymətləndirilməlidir. Gedişat isə bir neçə ssenaridən ibarət olacaq. Ən real ssenarilərdən biri Rusiyanın qış boyunca Ukraynanın elektrik və istilik sisteminə dalğavari, təkrarlanan zərbələr endirməsidir. Burada məqsəd yalnız bir elektrik stansiyasını sıradan çıxarmaq deyil. Sistemə zəncirvari təzyiq yaratmaqdır. Sentyabrın sonundakı hücumlarda elektrik obyektləri ilə yanaşı su və nəqliyyat infrastrukturunun da zədələndiyi bildirilib. Ukraynanın enerji naziri avropalı tərəfdaşlara Rusiyanın enerji sistemini mərhələli şəkildə iflic etməyə yönəlmiş plan barədə məlumat verib. Həmin sənəddə 1 000-ə qədər raket, dron və bombadan istifadə ehtimalı göstərilir. Bu sənədin müstəqil autentifikasiyası isə hələ mümkün deyil. Əgər cəbhə xəttində böyük irəliləyiş əldə etmək çətinləşirsə, tərəflər rəqibin arxa təminat sisteminə daha çox zərbə vurmağa çalışa bilər. Bura hədəflər dəmir yolları, körpülər, yanacaq anbarları, qaz infrastrukturu, enerji yarımstansiyaları sənaye müəssisələri, hərbi təchizat marşrutları aiddir. Artıq Rusiya zərbələrinin Ukraynanın qərbə gedən logistika marşrutlarına, yanacaqdoldurma məntəqələrinə və dəmir yolu infrastrukturuna yayıldığı müşahidə olunur. Bu, qışda xüsusilə əhəmiyyətlidir, çünki pis hava logistikanı onsuz da çətinləşdirir. İnfrastruktura zərbələr isə həmin çətinliyi daha da artırır". "Müharibənin digər tərəfi də artıq görünür. Ukrayna Rusiya ərazisində neft emalı zavodlarına, yanacaq anbarlarına və enerji infrastrukturuna uzaqmənzilli dronlarla zərbələri davam etdirir. Ukrayna Rusiya neft emal gücünün 51 faizindən çoxunu müvəqqəti sıradan çıxardığını iddia edilir. Beləliklə, qarşılıqlı mexanizm formalaşır. Bu tendensiya davam edərsə, qış kampaniyası artıq yalnız enerji infrastrukturu savaşı yox, yanacaq-enerji-logistika savaşı xarakteri ala bilər", - deyə hərbi ekspert vurğulayıb. O bildirib ki, qışın gəlişi cəbhədə yeni imkanlar yaradır, buna görə də sözügedən mövsümün döyüşlərini də ayrıca nəzərə almaq lazımdır: "Don, qar, palçıq və qısa gündüz texnikanın hərəkətini çətinləşdirir, yanacaq sərfiyyatını artırır, əsgərlərin fiziki yükünü artırır, yaralıların təxliyəsini çətinləşdirir, logistikanın əhəmiyyətini artırır. Amma müasir Ukrayna müharibəsində qış əvvəlki dünya müharibələrindəki kimi yalnız tankların hərəkəti ilə ölçülmür. Dronlar, peyk kəşfiyyatı, termal görüntüləmə və uzaqmənzilli silahlar hava şəraitinin təsirini müəyyən qədər kompensasiya edir. Ona görə də qışda əsas sual "kim hücuma keçəcək" yox, "kim öz logistikasını və enerji təminatını daha yaxşı qoruyacaq" olacaq. Mənzərənin ən mühüm tərəfi isə, qarşıdakı qışın əsas xüsusiyyəti müharibənin üç paralel cəbhəyə bölünməsi ola bilər. Buna torpaq və yaşayış məntəqələri uğrunda döyüş, dron və raketlərlə logistika, sənaye, körpü, dəmir yolu və hərbi obyektlərə zərbələr, elektrik, qaz, istilik, neft emalı və yanacaq infrastrukturu uğrunda mübarizə. Bu üç istiqamət bir-birindən asılıdır. Məsələn, enerji sistemi zəifləyirsə sənaye zəifləyir, hərbi istehsal və logistika zəifləyir, cəbhənin təminatı çətinləşir. Məhz buna görə 2026-2027 qışı Ukrayna müharibəsində təkcə hərbi deyil, həm də enerji, iqtisadiyyat, texnologiya və psixoloji dayanıqlıq baxımından sınaq mərhələsi ola bilər".
Rusiya-Ukrayna savaşının qış ssenarisi: Enerji infrastrukturu əsas hədəfə çevrilir? Rusiya-Ukrayna savaşının qış ssenarisi: Enerji infrastrukturu əsas hədəfə çevrilir? Rusiya-Ukrayna savaşının qış ssenarisi: Enerji infrastrukturu əsas hədəfə çevrilir?
Mənbə oxu.az

Oxşar Xəbərlər