Dünya
İranlı diplomat Rumıniya Xarici İşlər Nazirliyinə çağırıldı
İranın Buxarestdəki müvəqqəti işlər vəkili Cavad Kərimi Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Yaxın Şərqdə münaqişənin gərginləşməsi kontekstində etiraz ifadə etmək olub. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rumıniya Xarici İşlər Nazirliyindən məlumat verilib. XİN İranın Yaxın Şərq ölkələrinə hücumlarına, eləcə də Kiprdəki son hadisələrə görə etiraz bildirib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin martın 2-də Kipr adasında yerləşən Britaniyanın Akrotiri aviabazasına da dronla hücum olub.
Mənbə
oxu.az