Dünya
Londonu sarsıdan etiraf: Dövlət Epşteynə şərait yaradıb?
Böyük Britaniyanın müdafiə naziri Con Hili keçmiş şahzadə Endryunun Kral Hərbi Hava Qüvvələrinin (HHQ) bazalarından Ceffri Epşteynlə görüşləri üçün istifadəsinin araşdırılmasını tələb edib. Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Con Hili rəsmilərə göstəriş verib ki, Epşteynin son 20 ildə Böyük Britaniyaya uçuşlarının qeydlərini tapmaq üçün heç bir fürsəti əldən verməsinlər. Agentlik isə bu qalmaqala aid bütün məlumatları ətraflı və ciddi şəkildə araşdıracağına söz verib. Ötən həftə Britaniyanın keçmiş baş naziri Qordon Braun deyib ki, dövlət Epşteynin HHQ-nin bazalarına eniş etməsinə icazə verərək onun cinayətlərinə şərait yarada bilər. Bəzən onun təyyarəsində naməlum qadınların olduğu iddia edilir. Xüsusilə, keçmiş baş nazir, 2000-ci ilin dekabrında Epşteynin şəxsi "Gulfstream" təyyarəsinin Norfolk HHQ bazasına eniş etməsi ilə bağlı narahatlığını vurğulayıb.
Mənbə
oxu.az