Dünya
Braziliyada seçki qalmaqalı: ABŞ-nin müdaxiləsi ehtimalı araşdırılır
Braziliya Federal Polisi ölkədə keçirilən prezident seçkisinə ABŞ tərəfindən mümkün müdaxilə ilə bağlı ilkin araşdırmaya başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "O Globo" qəzetinə Federal Polisin baş direktoru Andrey Rodriges məlumat verib. Onun sözlərinə görə, Baş Prokurorluq xarici müdaxilə ehtimalının yoxlanılması ilə bağlı müraciət edib və məsələ araşdırmaya başlanılması üçün Kəşfiyyat İdarəsinə göndərilib. Rodriges bildirib ki, hazırda söhbət ilkin prosedurdan gedir və cinayət işi başlanması barədə rəsmi qərar hələ dərc edilməyib. Federal Polisin rəhbəri həmçinin ABŞ və Avstraliyanın Braziliyadakı səfirliklərinə real terror hücumu təhlükəsi və ya konkret hücum planlarının olması barədə məlumatları təkzib edib. Hər iki ölkənin səfirlikləri təhlükəsizlik səbəbindən konsulluq xidmətlərini dayandırıb. Qeyd edək ki, oktyabrın 4-də Braziliyada prezident seçkisinin ilk turunda səsvermə keçirilir. Prezident postu uğrunda əsas mübarizə hazırkı dövlət başçısı Luis İnasiu Lula da Silva ilə sabiq prezident Jair Bolsonarunun oğlu, senator Flaviu Bolsonaru arasında gedir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər