Dünya
Cəmi 10 dəqiqə qaçış beyinə nə edir? - Alimlər təəccübləndirən nəticəni açıqladılar
Yaponiyanın Tsukuba Universitetinin neyrobioloqları cəmi 10 dəqiqəlik yavaş qaçışın əhvali-ruhiyyəni yaxşılaşdıra və beynin diqqəti cəmləşdirmə qabiliyyətini müvəqqəti olaraq artıra biləcəyini müəyyən ediblər. Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Imaging Neuroscience" jurnalında dərc olunub. Tədqiqatda 24 sağlam gənc iştirak edib. Onlar müxtəlif günlərdə ya qaçış trenajorunda 10 dəqiqə sakit oturub, ya da çox aşağı intensivliklə 10 dəqiqə qaçıblar. Qaçış tempi orta hesabla kişilər üçün 5.5 km/saat, qadınlar üçün isə 3.8 km/saat olub. İştirakçılar məşqdən əvvəl və sonra əhvali-ruhiyyələrini qiymətləndirib, diqqəti və avtomatik reaksiyaları idarə etmək qabiliyyətini ölçən Stroop testindən keçiblər. Eyni zamanda beynin diqqət, davranış və emosiyalara nəzarətdə mühüm rol oynayan prefrontal korteksinin fəaliyyəti ölçülüb. Nəticələr göstərib ki, yavaş qaçışdan sonra iştirakçılar özlərini daha enerjili və yaxşı əhvalda hiss edib, diqqət tələb edən tapşırıqları isə daha sürətli yerinə yetiriblər. Beyin görüntüləməsi sol prefrontal korteksin bəzi nahiyələrində aktivliyin artdığını göstərib. Alimlərin fikrincə, əhvali-ruhiyyənin yaxşılaşması qaçış zamanı bədənin şaquli hərəkətlərinin intensivliyi ilə də əlaqəli olub. Bu isə qaçışa xas ritmik hərəkətlərin müsbət təsirin yaranmasında rol oynaya biləcəyini göstərir. Bununla belə, tədqiqat yalnız sağlam gənclər üzərində aparılıb. Buna görə nəticələri yaşlı insanlara və xroniki xəstəlikləri olan şəxslərə birbaşa şamil etmək olmaz. Bundan əlavə, alimlər yavaş qaçışı gəzinti ilə deyil, istirahət vəziyyəti ilə müqayisə ediblər. Araşdırma göstərir ki, beyin üçün müəyyən müsbət təsir yaratmaq üçün mütləq intensiv məşq etmək lazım olmaya bilər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər