Dünya
Meksika və Çin arasında narkotik ticarətində qeyri-adi ödəniş vasitəsi - Kartellərin gizli sxemi
Asiyada yüksək qiymətə satılan dəniz xiyarları Meksikadakı narkokartellərlə Çin kriminal qrupları arasında qeyri-qanuni hesablaşmalarda pulun əvəzedicisinə çevrilib. Oxu.Az "Foreign Policy" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı nümunələrdən biri ABŞ Sərhəd Patrul Xidmətinin keçmiş əməkdaşı Sezar Daleonun işi olub. Araşdırma zamanı onun Çin kimyəvi maddə istehsalçıları ilə Meksikadakı narkotik alverçiləri arasında vasitəçi olduğu müəyyənləşdirilib. Məlumata görə, narkotik istehsalında istifadə olunan kimyəvi maddələr Meksikaya, ödəniş kimi istifadə edilən qurudulmuş dəniz xiyarları isə əks istiqamətdə daşınıb. Daleo 2014-2016-cı illər ərzində Meksikadan ABŞ-yə qurudulmuş dəniz xiyarlarının qanunsuz daşınmasını azı 80 dəfə təşkil edib. Məhkəmə sənədlərinə görə, daşınan məhsulun ümumi dəyəri 250 min dollardan çox olub. Söhbət qorunan növ olan "Isostichopus fuscus"dan gedir. Dəniz xiyarlarının bu məqsədlə seçilməsinin əsas səbəblərindən biri onların Asiya bazarındakı yüksək qiymətidir. Ayrı-ayrı növlərin bir kiloqramı 3 min dollara qədər satılır. Bu məhsul Çində və digər Asiya ölkələrində delikates hesab olunur və yüksək sosial statusun göstəricilərindən biri sayılır. Meksikada dəniz xiyarlarının qanuni ovlanması həddindən artıq ovlanma səbəbindən 2019-cu ildə dayandırılıb. Buna baxmayaraq, qanunsuz ov davam edib və son illərdə Sinaloa, eləcə də daha az dərəcədə "Xalisko Yeni Nəsil" kartelləri bu sahəyə daxil olublar. Ekspertlərin fikrincə, dəniz xiyarlarından istifadə etməklə cinayətkar qruplar beynəlxalq bank sistemindən yan keçərək qarşılıqlı hesablaşmalar apara bilirlər. ABŞ-nin cənub sərhədində ələ keçirilən dəniz xiyarlarının sayı da 2018-ci ildən bəri iki dəfədən çox artıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər