Dünya
Rubio: "ABŞ Ukrayna danışıqlarında müzakirələrin dairəsini daraltmağa müvəffəq olub"
"Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda tərəflər müzakirə olunan məsələlərin əhatə dairəsini daraltmağa müvəffəq olublar, sadəcə bəzi "çox çətin" məsələlər qalıb". Oxu.Az-ın "İnterfaks" nəşrinə istinadən xəbərinə görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə müsahibəsində deyib. "Bizim danışıqlara çox enerji sərf edən xeyli insanımız var. Düşünürəm ki, məsələlərin əhatə dairəsinin daraldılmasında irəliləyişə nail olmuşuq, amma təəssüf ki, bəzi məsələlər hələ də çox və çox çətin olaraq qalır", - deyə Rubio bildirib. ABŞ dövlət katibinin fikrincə, Ukrayna münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər. O hesab edir ki, ABŞ danışıqlarda katalizator ola biləcək dünyada yeganə ölkədir. "Əgər biz bu roldan imtina etsək, başqa heç kim bunu edə bilməyəcək", - deyə Marko Rubio qeyd edib. Eyni zamanda, xarici siyasət departamentinin rəhbəri vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın səbri sonsuz deyil. "O istəyir ki, bu başa çatsın və çox şey edib. O buna böyük siyasi kapital qoyub", - deyə dövlət katibi əlavə edib.
Mənbə
oxu.az