Siyasət

"Gələcək münaqişə" xəbərdarlığı: Avropa İttifaqının yeni strategiyası nədən ibarətdir?

16 Feb 2026, 17:48 2 baxış
"Gələcək münaqişə" xəbərdarlığı: Avropa İttifaqının yeni strategiyası nədən ibarətdir?
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallas qeyd edib ki, Qərb Rusiya ilə dialoqa hazırdır, lakin bu, yalnız gələcəkdə hər hansı hərbi münaqişənin qarşısını almaq üçün dəqiq şərtlər və əldə olunmuş razılaşmalara əməl ediləcəyinə dair təminatlar çərçivəsində mümkündür. Aİ rəsmisi əlavə edib ki, ilk növbədə Rusiya ilə danışıqların mövzusu razılaşdırılmalı və gələcəkdə müharibənin qarşısını almaq üçün Moskvadan aydın öhdəliklər alınmalıdır. Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Rəşad Bayramov bildirib ki, Kallasın son çıxışı Qərbin Rusiyaya yanaşmasını və gələcək münaqişələrin qarşısını almaq niyyətini açıq şəkildə göstərir.
Onun sözlərinə görə, bu açıqlamalardan sonra demək olar ki, Aİ Rusiya ilə dialoqa açıqdır: "Bu, yalnız dəqiq və müəyyən şərtlər əsasında baş tuta bilər. Sözügedən mövqe təkcə humanitar, taktiki sahələrdə deyil, həm də geosiyasi və enerji sahələrində riskləri minimuma endirməyə yönəlmiş strategiyanın göstəricisidir. Mövcud münaqişə kontekstində dialoq potensialı bir neçə istiqamətdə nəzərdən keçirilə bilər. Ən real və tez tətbiq oluna biləcək istiqamət lokal, qısamüddətli atəşkəs zonalarının yaradılmasıdır. Bu, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, humanitar yardımın çatdırılması və əsirlərin dəyişdirilməsi kimi praktiki addımları ehtiva edir. Paralel olaraq, sərhəd və təhlükəsizlik zonalarının müəyyənləşdirilməsi, beynəlxalq nəzarət mexanizmləri ilə birlikdə eskalasiyanın qarşısını almaq məqsədi daşıyır. Bu yanaşma Aİ-nin reallığa əsaslanan diplomatik prinsipinə uyğundur, yəni dialoqun yalnız konkret mexanizmlər və öhdəliklər üzərində qurula biləcəyini göstərir". Ekspert vurğulayıb ki, enerji və iqtisadi sahələrdə razılaşmalar da dialoq mexanizminin vacib hissəsini təşkil edə bilər:
"Avropa Rusiyadan qaz və neft təchizatını müəyyən şərtlər əsasında təmin etməyə hazır olduğunu bildirə bilər ki, bu da həm iqtisadi maraqların qorunmasına, həm də siyasi gərginliyin azaldılmasına xidmət edər. Kallasın çıxışında işlədilən "gələcək münaqişə" ifadəsinə gəldikdə isə, bu, xüsusi strateji önəm daşıyır. Bu onu göstərir ki, Aİ artıq yalnız mövcud gərginliklərə reaksiya vermir, eyni zamanda, potensial riskləri əvvəlcədən müəyyən edərək onları idarə etmək üçün preventiv diplomatiya aparır. Bu, gələcəyi proqnozlaşdırmaq və ona hazır olmaq prinsipinin göstəricisidir. Bu yanaşma yeni qarşıdurmaların mütləq baş verəcəyini ehtiva etmir, əksinə, riskləri nəzərə alaraq müvafiq tədbirlərin planlaşdırılmasının vacibliyini vurğulayır. Potensial gərginlik məkanları isə yalnız Ukrayna ilə məhdudlaşmır. Balkan ölkələri, Baltik regionu, Qafqaz və Orta Asiya da Aİ-nin diqqət mərkəzindədir. Beləliklə, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsinin açıqlamaları göstərir ki, Avropa həm mövcud Rusiya-Ukrayna gərginliyini idarə etməyə, həm də potensial gələcək qarşıdurmaların qarşısını almağa hazırdır".
"Gələcək münaqişə" xəbərdarlığı: Avropa İttifaqının yeni strategiyası nədən ibarətdir? "Gələcək münaqişə" xəbərdarlığı: Avropa İttifaqının yeni strategiyası nədən ibarətdir?
Mənbə oxu.az

Oxşar Xəbərlər