Dünya
İsraildə ərəb partiyalarının seçkidə iştirakına icazə verildi
İsrail Ali Məhkəməsi oktyabrın 27-də keçiriləcək parlament seçkisində ərəb partiyalarının iştirakına qoyulan qadağanı yekdilliklə ləğv edib. Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, qərar İsrail Mərkəzi Seçki Komissiyasının dörd ərəb partiyasının seçkidən kənarlaşdırılması barədə qərarından sonra qəbul edilib. Qadağa Mansur Abbasın rəhbərlik etdiyi RAAM partiyasına, həmçinin HƏDƏŞ, TƏƏL və BƏLƏD partiyalarının daxil olduğu "Vahid Ərəb Siyahısı" koalisiyasına şamil olunurdu. Məhkəmə həmçinin ərəb siyasətçi, solçu BƏLƏD partiyasının lideri Sami Əbu Şadenin seçkidə iştirak məsələsinə ayrıca baxıb. Mərkəzi Seçki Komissiyası 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra dərc etdiyi məqaləyə görə onun namizədliyinin ləğv edilməsini dəstəkləmişdi. Əbu Şade həmin məqaləsində baş verənləri İsrailin siyasətinə "təbii reaksiya" adlandırmış, lakin bununla hücumu dəstəklədiyini inkar etmişdi. İsraildə ərəb vətəndaşları seçicilərin təxminən 20 faizini təşkil edir. Qeyd olıunur ki, əsas siyasi blokların parlamentdə çoxluğa malik olmadığını göstərən sorğular fonunda ərəb seçicilərin seçkidə iştirakı əhəmiyyət daşıya bilər. RAAM partiyası 2021-2022-ci illərdə İsrailin hakim koalisiyasının tərkibində də yer alıb.
Mənbə
oxu.az