Siyasət
Cənubi Qafqazda nəqliyyat xəritəsi yenilənir
"Rusiya və Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərə çıxan dəmir yolu hissələrinin bərpası üzrə danışıqlara başlayacaqlar". Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk məlumat verib. Onun sözlərinə görə, tərəflər iki dəmir yolu hissəsinin sonradan Azərbaycan və Türkiyə dəmir yolları ilə birləşdirilməsi üçün onların bərpasının texniki və maliyyə şərtlərinin qiymətləndirilməsini aparacaqlar. "Ermənistan tərəfinin müraciətinə uyğun olaraq, Rusiya Federasiyasında Ermənistan dəmir yollarının Azərbaycan dəmir yolları ilə Yerasx (Arazdəyən - red.) rayonunda, eləcə də Türkiyə dəmir yolları ilə Axuryan yaşayış məntəqəsi rayonunda birləşməsini təmin edəcək iki hissəsinin bərpası barədə əsaslı danışıqlara başlamaq qərarı qəbul edilib", - deyə o bildirib. Bərpası nəzərdə tutulan hissələrin ümumi uzunluğu 1,6 və 12,4 kilometr təşkil edir. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan qeyd olunan marşrut üzrə dəmir yolu əlaqəsinin bərpası məsələsi ilə bağlı rusiyalı həmkarlarına müraciət etmişdi. Qeyd edək ki, Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ilin fevralında 30 il müddətinə, daha 10 il uzadılma hüququ ilə "Cənubi Qafqaz Dəmir Yolu" QSC-nin konsessiya idarəçiliyinə verilib.
Mənbə
oxu.az