Siyasət

Bakı və Əbu-Dabi qardaşlaşırlar

11 Feb 2026, 13:38 2 baxış
Bakı və Əbu-Dabi qardaşlaşırlar
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin rəhbəri Məhəmməd Əli Əl-Şorafanın başçılıq etdiyi BƏƏ nümayəndə heyəti hazırda Azərbaycan paytaxtında səfərdədir. Oxu.Az xəbər verir ki, fevralın 11-də nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizovla görüşüb. Görüş zamanı Eldar Əzizov vurğulayıb ki, hazırda iki ölkə arasında mövcud olan yüksəksəviyyəli dostluq və əməkdaşlıq əlaqələri hər iki dövlət başçısının səyləri sayəsində mümkün olub. O qeyd edib ki, fevralın 4-də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində ona "Zayed İnsan Qardaşlığı Mükafatı"nın verilməsi dövlət başçısının uğurlu siyasətinə göstərilən yüksək dəyərdir. Bütün bu amillər Bakı ilə Əbu-Dabi şəhərləri arasında səmərəli əməkdaşlığın qurulması üçün əlverişli şərait yaradır. Paytaxt barədə danışan Eldar Əzizov bildirib ki, İlham Əliyevin apardığı siyasət nəticəsində Bakı şəhəri bu gün tamamilə yeni keyfiyyət mərhələsinə çatıb və inkişaf prosesi uğurla davam etməkdədir. Azərbaycan ilə BƏƏ arasında illər boyu davam edən dostluq əlaqələrindən bəhs edən Məhəmməd Əli Əl-Şorafa bildirib ki, ölkəsində Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verilir: "Bu mənim sizin şəhərinizə ilk gəlişimdir və müşahidə etdiklərimə əsasən, bunun sonuncu olmayacağına tam əminəm". Bakının sürətli inkişafını və şəhər idarəetməsinin səmərəliliyini ayrıca qeyd edən qonaq hər iki paytaxt şəhərinin bir-birindən çox şey öyrənəcəyinə ümid etdiyini ifadə edib. Daha sonra Bakı şəhəri ilə Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulmasına dair Anlaşma Memorandumu imzalanıb. Eldar Əzizov qonağa şanlı Zəfərə həsr edilmiş və artıq 11 dilə tərcümə olunmuş "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının ərəb dilindəki nəşrini hədiyyə edib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər