İdman
Azərbaycan millisi xorvat məşqçiyə tapşırılır?
AFFA 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi ilə bağlı seçimlərini davam etdirir. Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, U-20 yığmamız gələn il Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək dünya çempionatında iştirak edəcəyindən, assosiasiya seçimdə yanılmaq istəmir. Komandamızı ölkə daxilində çalışan mütəxəssislərdən birinin çalışdırmaq ehtimalı daha yüksəkdir. Adı hallanan yerli məşqçilər arasında Aqil Nəbiyev və İlham Yadullayev də var. Lakin assosiasiyanın əsas namizədi "Sabah-2"nin baş məşqçisi Adino Mustedanagiçdir. Ötən ilin yayında komandanın "sükanı arxasına" gətirilən xorvatiyalı mütəxəssisin rəhbərliyi altında "Sabah-2" uğurlu çıxışla diqqət çəkir. 43 yaşlı məşqçinin komandası hazırda Əvəzedicilər Liqasına liderlik edir. Bu isə AFFA rəhbərliyinin diqqətini cəlb edib. Milli assosiasiya ilə "Sabah" klubu arasında olan münasibətləri nəzərə alsaq, Mustedanagiçin U-20-yə gətirilməsi heç də çətin görünmür. Qeyd edək ki, Adino Mustedanagiç, eyni zamanda, "Sabah"ın U-19 komandasının da baş məşqçisidir.
Mənbə
oxu.az