Dünya
ABŞ-də sinif yoldaşını qətlə yetirən qadının edamı son anda təxirə salındı
ABŞ Federal Apellyasiya Məhkəməsi 1995-ci ildə sinif yoldaşını qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilmiş Krista Paykın edam hökmünün icrasını müvəqqəti dayandırıb. Oxu.Az "The New York Times" (NYT) qəzetinə istinadən xəbər verir ki, edam həyata keçirilsəydi, Payk Tennessi ştatında 200 ildən artıq müddətdə edam edilən ilk qadın olacaqdı. Qeyd olunur ki, məhkəmə edam hökmünün icrasına bir neçə saat qalmış onun dayandırılması barədə qərar qəbul edib. ABŞ-nin 6-cı Dairə üzrə Apellyasiya Məhkəməsinin hakimi Ceyn B.Stranç qərarında bildirib ki, tərəflərin təqdim etdiyi arqumentlərin lazımi qaydada araşdırılması üçün edamın icrasına qısa müddətlik fasilə verilməlidir. Paykın müdafiə tərəfi onun uşaqlıq dövründə məruz qaldığı zorakılığın məhkəmə tərəfindən lazımi səviyyədə nəzərə alınmadığını bildirib. Vəkillər həmçinin onun cinayət törədərkən 18 yaşında olmasına və sonradan ona bipolyar pozuntu və travma sonrası stress pozuntusu diaqnozlarının qoyulmasına diqqət çəkiblər. Məhkəmə prosesi davam edir. Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət kollegiyası müdafiə tərəfinin yeni arqumentlərinə baxmaq üçün əlavə vaxtın lazım olduğunu bildirib. 1995-ci ildə Payk rəfiqəsi və sevgilisi ilə birlikdə sinif yoldaşı, 19 yaşlı Kollin Slemmerə işgəncə verərək onu qətlə yetirib. Cinayət törədilərkən Paykın 18 yaşı olub. O, həmin iş üzrə ölüm cəzasına məhkum edilən yeganə şəxsdir. Onun digər iki şəriki isə ölüm cəzasına məhkum edilməyib. Payk törətdiyi cinayətdə iştirakını inkar etmir. Müdafiəçiləri isə onun yaşı, uşaqlıqda məruz qaldığı zorakılıq və psixi sağlamlığı ilə bağlı hallar nəzərə alınmaqla ölüm cəzasının dəyişdirilməsini istəyirlər.
Mənbə
oxu.az