İdman

Tahir Gözəl: "Liverpul"la oyunu faciə kimi yox, dəyərli bir təcrübə kimi qəbul edirik"

30 Jan 2026, 19:44 1 baxış
Tahir Gözəl: "Liverpul"la oyunu faciə kimi yox, dəyərli bir təcrübə kimi qəbul edirik"
""Qarabağ" futbol klubu "Liverpul"la oyunu faciə kimi yox, yolunun üzərində dəyərli bir təcrübə kimi qəbul edir". Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə açıqlamasında deyib. O, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda "Liverpul"a qarşı oyunundan danışıb: "Komandamız Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirdi. Bu uğur Liqa mərhələsinin "Liverpul"la "Enfild Roud"dakı ağır qarşılaşmadan sonra rəsmiləşdi. "Qarabağ"ın son turun nəticələrindən sonra ilk "24-lük"də yer alması Azərbaycan futbolu üçün tarixi nəticədir. Bu, təsadüf deyil, uzun illərin zəhmətinin, səbrin və sistemli işin nəticəsidir. "Liverpul"la oyun ağır keçdi. Bu, hamımız üçün aydındır və tamamilə normaldır. Futbolun səviyyəsi artdıqca, çətinliklər də artır. Dünyanın ən güclü komandaları belə bəzən istədiyi nəticəni əldə edə bilmir. Ona görə də bu oyunu faciə kimi yox, yolumuzun üzərində dəyərli bir təcrübə kimi qəbul edirik". "Qarabağ"ın rəhbəri pley-off mərhələsinin bu gün keçirilən püşkatmasına da münasibət bildirib: "Avropanın ən nüfuzlu klub turnirində pley-off mərhələsinə yüksəlmək hər klubun arzusudur və bu mərhələ artıq təkcə futbol yox, xarakter, inam və ruh mübarizəsidir. Çempionlar Liqasında yoluna davam edən komandaların hər biri zirvəni hədəfləyir. "Böyük beşlik" liqasını təmsil edən komanda ilə qarşılaşmaq həm məsuliyyət, həm də böyük qürurdur. İngiltərənin "Nyukasl" klubunun ölkəmizə gəlməsi Azərbaycan futbolu üçün bayramdır, tribunalar üçün həyəcan, gənclər üçün isə ilham mənbəyidir. Azarkeşlərimizin qarşısında Çempionlar Liqasının əsl ab-havasını yaşadacağımıza ürəkdən sevinirəm. Bu mərhələdə də meydanda son saniyəyədək mübarizə aparacağıq. Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik. Əzmimizlə, xarakterimizlə, birlik ruhumuzla Azərbaycan futbolsevərlərinə unudulmaz anlar bəxş etmək istəyirik. Komandama inamım sonsuzdur. Əminəm ki, futbolçularımız hər iki oyunda sonadək döyüşəcək, heç bir rəqibdən çəkinmədiklərini, bu səviyyəyə layiq olduqlarını və Azərbaycanın futbol xəritəsində artıq söz sahibi olduğunu bütün Avropaya bir daha göstərəcəklər".
Mənbə oxu.az

Oxşar Xəbərlər