Dünya
"Politico": Vensin Qrenlandiya danışıqlarında iştirakı Avropanı narahat edib
ABŞ vitse-prezidenti Cey Di Vensin iştirakı adanın gələcəyi ilə bağlı ABŞ, Danimarka və Qrenlandiya arasında danışıqları çətinləşdirə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" diplomatlara istinadən məlumat verib. Nəşrin yazdığına görə, vitse-prezidentin Vaşinqtonda Qrenlandiya danışıqlarına rəhbərlik edəcəyi barədə açıqlama Avropa tərəfini narahat edib. Kopenhagen və Qrenlandiya hakimiyyəti əvvəlcə ABŞ Dövlət katibi Marko Rubio ilə dinc məsləhətləşmələrə ümid edirdilər. "Vens bizə nifrət edir. O, sərt adamdır. Onun iştirakı çox şey deyir və düşünürəm ki, bu, ikitərəfli məsləhətləşmələrin nəticəsinə mənfi təsir göstərəcək", - deyə nəşr avropalı diplomatdan sitat gətirir. "Politico" mənbələrinə görə, Avropalı danışıqçıların heç biri Vensi nəinki Qrenlandiya məsələsində, heç transatlantik münasibətlər kontekstində də müttəfiq hesab etmir. C.D.Vens əvvəllər dəfələrlə Avropa ölkələrini Ukraynada nizamlanmaya mane olmaqda, xristian dəyərlərindən imtina etməkdə, nəzarətsiz miqrasiyanı təşviq etməkdə və müxalifəti boğmaqda tənqid edib. Onun ən diqqətəlayiq çıxışı fevral ayında Münhen Təhlükəsizlik Konfransında olub və orada Avropa İttifaqını senzurada, o cümlədən sosial medianı bloklamaqda tənqid edib və Avropanın hazırkı formatında "ABŞ üçün faydasız" olduğunu vurğulayıb.
Mənbə
oxu.az