Mədəniyyət

Filmdən sonra: "Seni tanıyorum"

03 Oct 2026, 15:26 3 baxış
Filmdən sonra: "Seni tanıyorum"
Turanə Hüseynli yazır... Psixologiyada bir termin var: matrescence. Bu, qadının ana olduqdan sonra yalnız gündəlik həyatının deyil, özünü necə gördüyünün də dəyişməsini ifadə edir. Araşdırmalarda qadınların bu dövrdə əvvəlki "mən"ləri ilə yeni kimlikləri arasında qaldıqlarından bəhs olunur. Onlar əvvəlki həyatlarına, azadlıqlarına, peşələrinə, hətta sadəcə özləri ilə tək qala bildikləri vaxta görə darıxırlar. Qəribəsi budur ki, bütün bunların uşağını sevməməklə əlaqəsi yoxdur. İnsan övladını sonsuz sevə və eyni zamanda əvvəlki özü üçün darıxa bilər. Bəlkə də analığın haqqında az danışılan ən böyük ziddiyyəti budur. Qadın həyatının ən böyük sevgilərindən birini qazandığını hiss edə, eyni zamanda özünün müəyyən hissələrini itirdiyini düşünə bilər. Bir müddət sonra isə "Mən yaxşı anayam?" sualı özünü "Mən haradayam?" sualına təslim edir. Virciniya Vulf qadının yaratmaq üçün özünə aid bir otağa ehtiyacı olduğunu yazırdı. Bəlkə də ana olduqdan sonra qadının axtardığı otaq həmişə dörd divardan ibarət deyil. Bəlkə də o otaq bir neçə saatlıq şəxsi vaxtdır. Bəzən yarımçıq qalmış karyera, rəsm çəkmək, səhnəyə qayıtmaq, dostlarla görüşmək, yaxud heç kimə lazım olmadan sadəcə mövcud olmaqdır. Bütün bu sualların içində insan bəzi hekayələrdə həmin otağın qapısını yenidən aça bilmək üçün evinə başqa bir qadını buraxmalı olur. Son həftələrdə yayımı ilə izlənmə rekordları qıran Türkiyə istehsalı olan "Seni Tanıyorum" ("Səni tanıyıram") serialının hekayəsi məhz bu sualların və yeni qorxunun üzərində qurulub. Ana olduqdan sonra uzaqlaşdığı rəssamlığa və bir zamanlar olduğu qadına qayıtmaq istəyən Funda adında bir qadın bunun üçün uşağına baxacaq Nazlını evinə gətirir. İlk baxışdan çox adi bir qərar kimi görünsə də, Funda həyatında yenidən yer açmağa çalışdıqca Nazlı həmin həyatın içində yer tutmağa başlayır. Hekayə də yavaş-yavaş başqa bir suala çevrilir: Özünü geri qaytarmaq istəyərkən yerinə başqa birinin keçməsindən qorxmalıyıqmı? Mənim üçün bu hekayənin ən narahatedici tərəfi Nazlının bu evə daxil olması deyildi. Fundanın illərdir tutduğu yerin başqası tərəfindən doldurula biləcəyini hiss edərək bu qərara addım atması idi. Çünki onun əsl qorxusu evindəki yad bir qız deyil, Nazlının onun uzun müddətdir içində gizlətdiyi qorxunun görünən və danışan halı olması idi. Məncə, analıq qadına qəribə bir dilemma təqdim edir: özünə qayıtmaq istəyirsən, amma geri çəkildiyin anda həyatının sənsiz də davam edə bildiyini görməkdən qorxursan. Uşaq başqa bir qadının qucağında sakitləşə bilir. Ev sənsiz də öz qaydasında işləyir. Sənin etdiklərini başqa biri də edə bilir. Və birdən insanın içində çox ağır bir sual yaranır: "Əgər mənim etdiklərimi başqası da edə bilirsə, mənim bu həyatdakı yerim haradadır?" Serialdakı təhlükənin kim olduğunu, kimin nə gizlətdiyini izləyərkən arxa planda daha sakit, lakin daha ağır bir qorxunun dayanması bu ekran işini kifayət qədər yaxşı psixoloji triller kimi qəbul etdirir. Virciniya Vulfun dediyi kimi: "Bəlkə də ana olduqdan sonra həmin otağın ən vacib xüsusiyyəti qapısının olmasıdır. İstəyəndə içəri girə biləcəyin, istəyəndə çıxa biləcəyin və geri qayıdanda yerində hələ də özünü tapa biləcəyin bir qapı.."
Mənbə oxu.az

Oxşar Xəbərlər