Dünya
Paşinyan: "Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Trampın "Beynəlxalq sülh və rifah marşrutu" (TRIPP) ilə bağlı birgə bəyanat Ermənistanda və regionda sülhün bərqərar olması üçün konkret addımlara keçid deməkdir. Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində etdiyi paylaşımda bildirib. Onun sözlərinə görə, sülh artıq reallığa çevrilir və cəmiyyət yeni şəraitdə yaşamağı öyrənməlidir. Paşinyan bildirib ki, Ermənistan TRIPP şirkəti yaratmağı, marşrutları, torpaqdan istifadə və tikinti məsələlərini müəyyənləşdirməyi planlaşdırır, hazırlıq işlərinə isə artıq indi başlamaq lazımdır. O, həmçinin ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərinə əsaslanaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazır olduqlarını da təsdiqləyib. Nikol Paşinyanın sözlərinə görə, münaqişə məntiqindən imtina tədricən olacaq, lakin sülhün praktik faydaları mübahisələrdən və şübhələrdən daha çox fayda verə bilər. O vurğulayıb ki, region yeni bir mərhələyə qədəm qoyur və bu mərhələni inkişaf və rifah üçün tarixi fürsət kimi dəyərləndirmək lazımdır.
Mənbə
oxu.az