Dünya
KİV: İran və İsrail Rusiya vasitəsilə gizli şəkildə bir-birinə hücum etməmək barədə razılığa gəliblər
İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli şəkildə bir-birinə hücum etməmək barədə razılığa gəliblər. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri mənbələrə istinadən məlumat yayıb. "Dekabrın sonunda İranda etirazlar başlamazdan bir neçə gün əvvəl İsrail rəsmiləri Rusiya vasitəsilə İran liderlərinə İsrailə ilk hücum edilmədiyi təqdirdə İrana hücum etməyəcəklərini bildiriblər. İran da Rusiya kanalları vasitəsilə də qabaqlayıcı zərbə endirməyəcəyini bildirib", - deyə nəşr vəziyyətlə tanış olan diplomatlara və regional rəsmilərə istinadən xəbər yayıb. Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb. İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.
Mənbə
oxu.az