Dünya
Ağ ayını yuxudan oyadan norveçli beş min dollar cərimələndi
Norveçə məxsus Şpitsbergen arxipelaqında yatan ağ ayını qəsdən narahat etdiyinə görə bir nəfər 50 000 Norveç kronu (5 000 dollardan çox - red.) məbləğində cərimələnib. Oxu.Az "Aftenposten"ə istinadən xəbər verir ki, insident Hinlopen boğazında yerləşən Lom-fyordda baş verib. Gəminin göyərtəsində olan insanlar sahildə yatan ağ ayını görüblər. Onlardan biri gəmi fitindən istifadə etmək qərarına gəlib. Güclü səs nəticəsində heyvan oyanıb və başqa yerə keçib. Göyərtədəki digər şəxslər baş verənlər barədə Şpitsbergen rəhbərliyinə məlumat veriblər. Hakimiyyət orqanları kişinin hərəkətlərini ağ ayını qanunsuz olaraq narahat etmək kimi qiymətləndirib və onu cərimələyib. Qaydanı pozan şəxs cəza ilə razılaşıb və cəriməni artıq ödəyib. Şpitsbergendə ağ ayıların mühafizəsi ilə bağlı sərt qaydalar qüvvədədir: heyvanlara qəsdən yaxınlaşmaq və ya onları narahat etmək qadağandır.
Mənbə
oxu.az