Dünya

ABŞ Yaxın Şərqə yeni aviadaşıyıcı gəmi göndərir

13 Aug 2026, 23:12 2 baxış
ABŞ Yaxın Şərqə yeni aviadaşıyıcı gəmi göndərir
ABŞ planlaşdırılmış rotasiya çərçivəsində "Avraam Linkoln" ("USS Abraham Lincoln") aviadaşıyıcı gəmisini əvəz etmək üçün "Corc Vaşinqton" ("USS George Washington") təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərməyə hazırlaşır. Oxu.Az "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, "Linkoln" 250 gündən çoxdur dənizdədir və 200 gündür heç bir limana daxil olmayıb. Bu göstərici ilə gəmi dənizdə fasiləsiz qalma müddətinə görə rekord vurub. Qeyd olunur ki, "Linkoln"un dənizdə bu qədər uzun müddət yerləşdirilməsi artıq Konqresdə narahatlığa səbəb olub. Senator Riçard Blyumental hərb naziri Pit Heqsetə və Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Xun Saoya məktub göndərərək gəmidəki xidmət şəraiti barədə məlumat tələb edib. "İlkin tələbat mallarının çatışmazlığı, suyun çirklənməsi, santexnika problemləri, psixi sağlamlığın pisləşməsi, göyərtədə təhlükəsizlik problemləri və poçt sistemindəki axsamalar barədə çoxlu sayda məlumat daxil olub. Bu axsamalar səbəbindən gəmiyə göndərilən və zəruri mallardan ibarət olan bir çox bağlama aylarla yolda itkin düşüb", - deyə senator bildirib. Daha əvvəl dənizçilərin Yaxın Şərqdəki uzunmüddətli xidmət səbəbindən "Avraam Linkoln" gəmisindən suya tullanmağa cəhd etdikləri barədə məlumat yayılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər