İdman
Azərbaycan erməni idmançının qanunsuz hərəkəti ilə bağlı FIS-ə rəsmi müraciət ünvanlayıb
Erməni xizəkçi Mikael Mikaelyan İtaliyada nüfuzlu "Tour de Ski" yarışlarında öz formasında "Azərbaycan" yazısının üstünü bağlayıb. Buna görə idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib. Hadisədən sonra erməni idmançı və Ermənistan Xizək İdmanı Federasiyasının rəhbəri Qagik Sarqsyan özlərinə haqq qazandırmağa çalışıblar. Qeyd edək ki, ötən ildən etibarən Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi, eləcə də Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi məqsədilə əməkdaşlıq qurulub. Əməkdaşlıq çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, ölkənin turizm brendinin beynəlxalq arenada genişmiqyaslı tanıtımının təmin edilməsi, Azərbaycanın xarici turistlər üçün cəlbedici qış turizmi istiqamətinə çevrilməsi və "Şahdağ" Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının təşkili nəzərdə tutulur. Məsələ ilə bağlı Oxu.Az Dövlət Turizm Agentliyinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, yaranmış xoşagəlməz halla əlaqədar agentlik tərəfindən Beynəlxalq Xizək və Snoubord Federasiyasına rəsmi şəkildə müraciət edilib və narazılıq ifadə olunub, əməkdaşlıq çərçivəsində nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb: "Qeyd edək ki, bu cür hallara qarşı atılan bütün addımlar və görülən tədbirlər Beynəlxalq Xizək və Snoubord Federasiyasının daxili qayda və prosedurlarına uyğun şəkildə tənzimlənir və bu kimi halların təkrar baş verməsindən asılı olaraq FIS tərəfindən müvafiq sanksiyalar və cərimələr tətbiq olunur. Hesab edirik ki, yarışlarda iştirak edən idmançılar tərəfindən ümumi idman və FIS-in etik prinsiplərinə sadiqliyin qorunmasını təmin etmək vacibdir. İdmanın siyasiləşdirilməməsi, etnik nifrət, irqçilik, ksenofobiya və digər bu kimi mənfi məqamlardan çəkinilməsi bütün idmançılar və yarışlar üçün əsas şərtlərdən biri olmalıdır". Murad Həsənov
Mənbə
oxu.az