İdman
"Mançester Siti" Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilindi - RƏSMİ
İngiltərə Premyer Liqasının (İPL) mətbuat xidməti rəsmi saytında müstəqil komissiyanın "Mançester Siti" klubunu liqanın maliyyə qaydalarını pozması ilə bağlı bütün ittihamlar üzrə təqsirli bildirdiyini bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə liqanın rəsmi bəyanatında bildirilir. "Müstəqil komissiya "Mançester Siti" futbol klubunu doqquz mövsüm ərzində Premyer Liqanın maliyyə qaydalarını ciddi şəkildə pozması ilə bağlı bütün ittihamlar üzrə, həmçinin klubun liqanın istintaqı ilə əməkdaşlıq etməkdən imtina etməsinə dair ittihamların əksəriyyəti üzrə təqsirli bilib. Müstəqil komissiya müəyyən edib ki, 2009/2010 mövsümündən 2017/2018 mövsümünədək olan dövrdə: "Mançester Siti" klubun gəlirlərini süni şəkildə artırmaq və xərclərini azaltmaq üçün bir sıra kommersiya tərəfdaşları ilə "saxta" (tərəflər arasındakı həqiqi razılaşmanı təhrif edən) müqavilələr bağlayıb, eləcə də digər tərəflərlə "saxta" sazişlər imzalayıb. Klub qeyri-dəqiq hesabatlar təqdim edib və həqiqi maliyyə vəziyyətini auditorlardan və futbol tənzimləyicilərindən gizlədib. "Mançester Siti" həm Premyer Liqanın, həm də UEFA-nın xərc limitlərini əhəmiyyətli dərəcədə aşıb. Premyer Liqanın apardığı təhqiqat zamanı "Mançester Siti" liqaya münasibətdə əməkdaşlıq və vicdanlılıq öhdəliklərini dəfələrlə pozub (irəli sürülən dörd pozuntudan üçü sübuta yetirilib)", - deyə bəyanatda qeyd olunur. Bəyanatda həmçinin vurğulanır ki, sanksiyalar məsələsinə əlavə dinləmədə ayrıca baxılacaq. "Mançester Siti" müstəqil komissiyanın rəyindən şikayət etmək hüququna malikdir və bunu oktyabrın 2-si cümə gününə qədər etməlidir.
Mənbə
oxu.az