Digər

Ukrayna üçün təhlükəsizlik zəmanətləri: ABŞ, Aİ və Rusiyanın rolu nə olacaq?

08 Jan 2026, 15:28 1 baxış
Ukrayna üçün təhlükəsizlik zəmanətləri: ABŞ, Aİ və Rusiyanın rolu nə olacaq?
"Parisdə Ukraynanın təhlükəsizliyi ilə bağlı qəbul edilən bəyanat son sənəd deyil və məcburi xarakter daşımır. Sadəcə, bu, razılaşdırılmış bəzi məqamların rəsmi olaraq təsdiqlənməsidir. Düşünürəm ki, bu sənəd icrayönümlüdür və məcburi xarakter daşıyacaq səviyyəyə çatdırmalıdır". Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Natiq Miri Parisdə Rusiya-Ukrayna müharibəsində Kiyevə dəstəklə bağlı "İstəklilər koalisiyası"nın qəbul etdiyi bəyanatı şərh edərkən deyib. O bildirib ki, təhlükəsizlik zəmanətləri ikitərəflidir:
- Birincisi, Ukrayna, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı üçlüyü arasında olan təhlükəsizlik zəmanəti, ikincisi isə Ukrayna ilə ABŞ arasında olan təhlükəsizlik zəmanəti - bu sənədlər ayrı-ayrılıqda parlamentlərdə ratifikasiya edilməlidir. Yalnız bundan sonra konkret öhdəlik xarakteri daşıyacaq ki, burada da hüquqi cəhətdən məcburi əsaslar var. - Baş verənlərə Rusiyanın mövqeyi necədir? Çünki məsələnin başqa bir tərəfi də Rusiya ilə bağlıdır. - Qərb dünyası istəyir ki, Rusiya da bu prosesdə iştirak etsin və bununla bağlı üzərinə öhdəlik götürsün. Çünki Ukraynaya verilən təhlükəsizlik zəmanəti, əslində, Rusiyaya görədir və buna görə də Moskva qarşılıqlı hücum etməməklə bağlı üzərinə öhdəlik götürməlidir. Ancaq hələlik Rusiya bu prosesdə iştirak etmir. Hər bir halda ABŞ-nin prosesdə iştirakı və bununla bağlı bəyanatın qəbul edilməsi göstərir ki, Ukraynanın istədiyi təhlükəsizlik zəmanəti tədricən formalaşır. Bu amil Rusiya üçün çəkindirici məqamdır. Ancaq burada daha çox konkretliyə ehtiyac var. - Məsələn, atəşkəsdən sonra müəyyən bir zaman keçəndən və Rusiya özünü qismən bərpa edəndən sonra yenidən Ukrayna torpaqlarına təcavüz etdiyi təqdirdə Birləşmiş Ştatlar və yaxud da "İstəklilər"ə üzv dövlətlər nə edəcəklər? - Burada konkretliyə ehtiyac var. ABŞ və ya "İstəklilər koalisiyası"na üzv dövlətlərin mövqeyi, əsgər göndəriləcəksə, sayı nə qədər olacaq? Hansı dövlətlər birbaşa hərbçi deyil, maliyyə yardımı edəcəklər? Hansı ölkələr diplomatik vasitələrlə təsir imkanları formalaşdırmağa çalışacaqlar? Yəni bu kimi məqamların dəqiqləşdirilməsinə ehtiyac var. Ona görə də bu sənədin son olmadığını və perspektivdə daha konkret bir sənədin hazırlanacağını düşünürəm. - Ukraynanın Avropa İttifaqına üzv qəbul edilməsi nə dərəcədə mümkündür? - 2027-ci ildə Avropa İttifaqının Ukraynanı üzvlüyə qəbul etməsi məsələsi var. Düzdür, Aİ-nin Macarıstan və Slovakiya kimi üzv ölkələri buna qarşı çıxırlar, amma Birləşmiş Ştatlar bunu da üzərinə götürüb. Bu da dolayısı ilə gələcəkdə inkişaf etmiş Ukraynanın Aİ-yə inteqrasiyasına rahat yol açacaq. Nəhayət, Qərbin, xüsusilə də ABŞ-nin tam şəkildə Ukraynada olması, açılacaq müəssisələr, yatırılan investisiyalar Kiyevin təhlükəsizliyinə töhfə verəcək. Bütün bunlar isə sülh müqaviləsi və atəşkəsdən sonraya nəzərdə tutulub. Ona qədər isə Rusiyanı müharibəni dayandırmağa məcbur etmək lazımdır. Bunun üçün isə ABŞ-nin hələ də ciddi təsir mexanizmləri var. - Əgər Rusiya sülh sənədini qəbul etməsə, necə olacaq? - Bu, Moskvaya qarşı yeni və daha ağır sanksiyaların tətbiqinə gətirib çıxara bilər. Artıq Rusiyanın kölgə donanmasına məxsus 12 gəmi Ukrayna tərəfindən vurulub. Ancaq Venesuela hadisəsi kontekstində Karib hövzəsində 20-22 civarında tankerin həbs olunması ilə bağlı ABŞ tərəfindən ciddi izləmə prosesi gedir ki, Rusiya bundan ciddi şəkildə narahatdır. Bu da onu göstərir ki, Rusiya birtərəfli qaydada sülh prosesini pozarsa, bu tankerlərin hərəkəti qadağan ediləcək. Bu da ölkə neftinin satışı üçün ciddi problemlər yaradacaq. Yəni atılan addımlar düşünülmüş səviyyədə həyata keçirilir ki, Rusiyanın müharibəni davam etdirməsi üçün heç bir yol qalmasın. Çünki bu ölkənin iqtisadiyyatı çöküş ərəfəsindədir və təzyiq mexanizmləri həyata keçirilsə, Rusiya iqtisadiyyatının darmadağın olmasına gətirib çıxaracaq ki, bu da cəmiyyətdə sosial narazılığa səbəb ola bilər. Biz bunun bariz nümunəsini İranda müşahidə etməyə başlamışıq. Eyni aqibət Rusiyanı da gözləyir. Mərahim Nəsib
Ukrayna üçün təhlükəsizlik zəmanətləri: ABŞ, Aİ və Rusiyanın rolu nə olacaq?
Mənbə oxu.az

Oxşar Xəbərlər