Mədəniyyət

Xalq artisti Eldəniz Zeynalovun DOĞUM GÜNÜDÜR

01 Jan 2026, 12:52 1 baxış
Xalq artisti Eldəniz Zeynalovun DOĞUM GÜNÜDÜR
Bu gün Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun doğum günüdür. Oxu.Az xatırladır ki, Eldəniz Zeynalov 1937-ci il yanvarın 1-də Bakının Yuxarı Dağlı məhəlləsindəki Abdulla Şaiq küçəsində, hərbçi ailəsində dünyaya göz açıb. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. 1956-1962-ci illərdə teatr İnstitutunda aktyorluq təhsili alıb.
E.Zeynalov səhnə fəaliyyətinin ilk illərindən etibarən Azərbaycan teatrının korifeyləri M.Ə.Əliyev, S.Ruhulla, M.Davudova, Ə.Ələkbərov kimi sənətkarlarla eyni səhnəni bölüşüb. "Sevil" tamaşasında "Gündüz", "Türkiyədə" tamaşasında qəzet satan oğlan rollarında çıxış etməsi onun üçün böyük məktəb olub.
1961-ci ildə M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olan Eldəniz Zeynalov SSRİ Xalq artisti Adil İsgəndərovun sinfində təhsil alıb. A.İsgəndərov onu Dram Teatrına işə dəvət edib.

Teatr səhnəsində 100-dən artıq tamaşada iştirak edən Eldəniz Zeynalovun kino debütü "Əhməd haradadır?" filmindəki rəngsaz Əhməd obrazı ilə olub. Məhz bu filmdən sonra aktyorun kinoda davamlı və uğurlu fəaliyyəti başlayıb. O, 30-dan artıq filmdə müxtəlif xarakterli obrazlar yaradıb. "Yaşamaq gözəldir, qardaşım" filmində "Mustafa Sübhi", "O qızı tapın" filmində "Səyavuş", "Bir cənub şəhərində" filmində "Tofiq" kimi rollar Eldəniz Zeynalovun aktyor diapazonunun genişliyini nümayiş etdirib. Xüsusilə "Bir cənub şəhərində" filmindəki "Tofiq" obrazı onun kinoda ilk böyük uğuru kimi dəyərləndirilir.
Eldəniz Zeynalov "Mоzalan" satirik kinojurnalının bir çох süjеtində də yaddaqalan оbrazlar yaradıb. Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. E.Zeynalov 1974-cü ildə Əməkdar artist, 2000-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

O, 2001-ci il noyabrın 5-də dünyasını dəyişib və Yasamal qəbiristanlığında dəfn edilib. Eldəniz Zeynalovun ilk evliliyindən bir qızı, ikinci evliliyindən isə iki oğlu və bir qızı olub. Oğlanları Məmməd Zeynalov aktyor, Elbrus Zeynalov isə rejissorluq sənətini seçiblər. Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov 2021-ci il dekabrın 25-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Xalq artisti Eldəniz Zeynalovun DOĞUM GÜNÜDÜR
Mənbə oxu.az

Oxşar Xəbərlər