Mədəniyyət

Ən yaxşı müharibə filmləri bəlkə də hələ çəkilməyənlərdir

30 Sep 2026, 15:00 3 baxış
Ən yaxşı müharibə filmləri bəlkə də hələ çəkilməyənlərdir
Turanə Hüseynli yazır... Müharibə elə bir reallıqdır ki, onu nə qədər çox danışsaq da, hər dəfə başqa bir insanın taleyində, başqa bir uşağın baxışında, başqa bir evin dağıntıları arasında yenidən qarşımıza çıxır. Amma sıravi bir insan üçün müharibə tamam başqa şeydir. Bir səhər evindən çıxıb bir daha geri dönə bilməməkdir; soyuducudakı son tikəni uşağa saxlamaqdır; gecə partlayış səsindən oyanıb sabahın olub-olmayacağını bilməməkdir; dünən qonşun olan adamın bu gün yoxluğuna öyrəşməyə məcbur qalmaqdır. Onun dəhşəti təkcə insanların ölməsi deyil, insanların ölməzdən əvvəl yaşamağa davam etməyə məcbur olmasıdır. Müharibəni anlamağın ən çətin tərəfi də odur ki, onun miqyasını bilirik, amma həqiqətini hiss etmək bəzən çox çətindir. Kino böyük faciəni kiçik bir insan hekayəsinə çevirəndə isə bu məsafə azalır. Müharibə artıq xəritədə baş verən hadisədən çox bir uşaq, bir otaq, bir ailə olur. Bizə müharibənin yalnız cəbhədə baş verdiyinə inandırıblar. Əslində isə müharibə ilk güllə atılmamışdan əvvəl başlayır və sonuncu güllədən çox sonra da insanların həyatında davam edir. Bəzi filmlərə də məhz buna görə baxmaq lazımdır: müharibəni seyr etmək üçün deyil, onun insanların daxilində nələri məhv etdiyini anlamaq üçün. Bu mövzularda mənim üçün klassik üç film hər zaman ayrı yerdə dayanır: "The Pianist" ("Pianist"), "Life Is Beautiful" ("Həyat gözəldir") və "The Boy in the Striped Pyjamas" ("Zolaqlı pijamalı oğlan"). Üçü də eyni tarixi dövrdə - nasizmin yaratdığı dəhşətdən danışsa da, heç biri digərinə bənzəmir. "Pianist" müharibəni qəhrəmanlıqdan təmizləyir. İnsan hər şeyini itirəndə özündən geriyə nəyi qalır? Roman Polanskinin filmində Vladislav Spilman fövqəlinsan bir qəhrəman deyil. Dünən sənət, musiqi, sevgi, gələcək haqqında düşünən adamın bütün həyatının bir anda "bu günü də sağ keçirim" cümləsinə qədər daralması - qısacası - müharibənin bir insanın arzularını kiçiltməsindən bəhs edir. "Həyat gözəldir" isə eyni dəhşətə tamamilə başqa yerdən baxan bir filmdir. Konslager kimi bir mövzunun içində yumor yaratmaq çox təhlükəli seçimdir. Amma Roberto Beninyi faciəni kiçiltmədən yumoru bir müdafiə mexanizminə çevirən nəhəng aktyordur. "Zolaqlı pijamalı oğlan" isə məncə, bu üç filmin ən sadə, amma ən dağıdıcı metaforasıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər