Dünya
Rusiya hələ də heç bir sübut təqdim etməyib: Sibiqa Putinin iqamətgahına "hücum"la bağlı danışdı
"Üstündən bir gün keçməsinə baxmayaraq, Rusiya hələ də Vladimir Putinin iqamətgahına "hücum"la bağlı Ukraynaya ittihamlarını təsdiqləyəcək heç bir etibarlı sübut təqdim etməyib". Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində paylaşım edib. "Heç təqdim etməyəcək də. Çünki sübut yoxdur. Belə bir hücum olmayıb", - deyə XİN rəhbəri qeyd edib. O əlavə edib ki, Birləşmiş Ərəb Əmirliyi, Hindistan və Pakistanın heç vaxt baş verməmiş hadisə ilə bağlı narahatlıqlarına təəccüblənir. "2025-ci il sentyabrın 7-də gerçək rus raketi Ukraynanın gerçək hökumət binasını vuranda üç dövlətin heç birinin rəsmi açıqlama verməməsini nəzərə alsaq, bu, xüsusilə təəccüblüdür", - deyə Sibiqa vurğulayıb. Xarici işlər naziri Rusiyanın yalan bəyanatlar verməklə bağlı uzunmüddətli təcrübəsini xatırladıb. O bildirib ki, "onlar tez-tez başqalarını özlərinin etməyi planlaşdırdıqları işdə günahlandırırlar". Xatırladaq ki, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələrinin dekabrın 29-na keçən gecə Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına hücum etdiyini bildirib.
Mənbə
oxu.az